Süni intellektdən məsuliyyətli istifadə – CIPR PR mütəxəssisləri üçün yeni etik standartları təqdim edir


PR fəaliyyətində süni intellektin imkanları, etik sərhədləri və insan məsuliyyəti
Süni intellekt (AI) ictimaiyyətlə əlaqələr sahəsini sürətlə dəyişdirir. Press-relizlərin hazırlanması, sosial media kontentinin yaradılması, auditoriyanın təhlili, media monitorinqi, kommunikasiya strategiyalarının qurulması və reputasiya risklərinin qiymətləndirilməsi kimi proseslərdə süni intellekt alətlərindən istifadə getdikcə genişlənir.
Lakin texnologiyanın inkişafı PR mütəxəssislərinin qarşısında yeni bir sual yaradır: Süni intellektdən daha sürətli və səmərəli işləmək üçün istifadə edərkən peşəkar etikanı, dəqiqliyi və ictimai etimadı necə qorumaq olar?
Məhz bu məsələyə diqqət çəkən dünyanın nüfuzlu ictimaiyyətlə əlaqələr qurumlarından biri olan Chartered Institute of Public Relations (CIPR) 2026-cı ildə “PR sahəsində süni intellektdən məsuliyyətli istifadə” adlı yeni Ən yaxşı təcrübələr üzrə bələdçi (Best Practice Guide) nəşr edib.
Təlimat CIPR üzvləri ilə yanaşı, qurumun üzvü olmayan PR mütəxəssisləri üçün də əlçatandır. Onun əsas məqsədi İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəçiliyi üzrə Qlobal Alyans təşkilatının Venesiya Bəyannaməsində əksini tapmış yeddi prinsipin gündəlik PR fəaliyyətində necə tətbiq olunmasını izah etməkdir.
Yeni rəhbərlik sənədi süni intellekt alətlərinin seçilməsindən məlumatların qorunmasına, yaradılan məzmunun yoxlanılmasından dərc edilməsinə qədər müxtəlif mərhələlərdə PR mütəxəssislərinin qarşılaşa biləcəyi etik məsələləri əhatə edir.
CIPR-in yeni təlimatı nə üçün vacibdir?
CIPR-in təşəbbüsü süni intellektin PR mütəxəssisinin işini sadəcə asanlaşdıran texnoloji vasitə olmadığını, eyni zamanda yeni peşəkar məsuliyyətlər yaratdığını göstərir.
Məsələn, PR mütəxəssisi süni intellekt vasitəsilə bir neçə dəqiqə ərzində press-reliz hazırlaya, sosial şəbəkələr üçün müxtəlif mətnlər yarada və auditoriya haqqında ilkin təhlil əldə edə bilər. Ancaq həmin məlumatların doğru olması, mənbələrin etibarlılığı, məxfiliyin qorunması və ictimaiyyətə yanlış informasiya təqdim edilməməsi üçün məsuliyyət yenə də PR mütəxəssisisə aiddir.
Başqa sözlə, süni intellekt məzmun yarada bilər, lakin onun peşəkar, etik və ictimai baxımdan düzgün olub-olmadığına PR mütəxəssis qərar verməlidir. Süni intellekt bütün peşələri dəyişdirsə də, PR sahəsinin dürüstlük, dəqiqlik və ictimai maraqlara xidmət etmək öhdəliyi dəyişməz qalır.
Bu yanaşma PR mütəxəssisinin texnologiyadan istifadə edərkən öz peşəkar imzasına və məsuliyyətinə sahib çıxmasını tələb edir.
Venesiya Bəyannaməsi və süni intellektdən məsuliyyətli istifadənin yeddi prinsipi
CIPR-in yeni təlimatı Global Alliance tərəfindən hazırlanıb. Bu prinsiplər 2025-ci ilin iyununda Global Alliance tərəfindən təsdiqlənib. Onların əsas ideyası süni intellektin insan düşüncəsini və yaradıcılığını əvəz etməməsi, əksinə, onları dəstəkləməsidir.
1. Etika hər şeydən əvvəl gəlməlidir
Süni intellektdən istifadə PR fəaliyyətinin bütün mərhələlərində peşəkar etika qaydalarına uyğun olmalıdır. PR mütəxəssisi texnologiyanın təqdim etdiyi imkanlardan istifadə edərkən dürüstlük, obyektivlik, dəqiqlik və ictimai maraq prinsiplərini rəhbər tutmalıdır.
Məsələn, süni intellektə təşkilatın fəaliyyəti haqqında press-reliz hazırlatmaq mümkündür. Lakin sistemin təqdim etdiyi rəqəmləri, statistik göstəriciləri və faktları yoxlamadan dərc etmək peşəkar etika baxımından düzgün deyil.
Həmçinin ictimaiyyəti manipulyasiya edən, yanlış təəssürat yaradan və ya həqiqəti təhrif edən məzmunun yaradılmasında süni intellektdən istifadə edilməməlidir.
2. İnsan nəzarəti və idarəetmə
Süni intellektin istifadəsi insan nəzarəti altında həyata keçirilməlidir. Təşkilatlar AI alətlərindən istifadə qaydalarını müəyyən etməli, məlumat təhlükəsizliyi və mümkün risklərlə bağlı aydın mexanizmlər yaratmalıdırlar.
Bu prinsip xüsusilə vacibdir, çünki süni intellekt sistemləri bəzən yanlış məlumat yarada və məxfi məlumatların təhlükəsizliyinə risk yarada bilər.
3. Şəxsi və təşkilati məsuliyyət
Süni intellekt vasitəsilə hazırlanmış və ya onun köməyi ilə təkmilləşdirilmiş materialın məsuliyyəti həmin işi hazırlayan və dərc edən mütəxəssisə və təşkilata aiddir. PR mütəxəssisi süni intellektin yaratdığı nəticəni avtomatik olaraq doğru hesab etməməlidir.
Məsələn, məlumatda yanlış fikir, mövcud olmayan statistika və ya səhv fakt yer alarsa, məsuliyyəti süni intellektin üzərinə qoymaq olmaz. Buna görə də hər bir material dərc edilməzdən əvvəl araşdırılmalı, etibarlı mənbələrlə tutuşdurulmalı və faktoloji yoxlamadan keçirilməlidir.
4. Məlumatlılıq, açıqlıq və şəffaflıq
Auditoriya süni intellektin kommunikasiya prosesində nə zaman və hansı məqsədlə istifadə edildiyini anlamalıdır. Şəffaflıq auditoriyanın etimadını qorumağın əsas şərtlərindən biridir.
Məsələn, süni intellekt vasitəsilə yaradılmış vizual materialdan istifadə edilirsə və bu material real hadisə və ya real insan haqqında yanlış təsəvvür yarada bilirsə, onun süni intellektlə hazırlandığını açıqlamaq vacibdir.
Eyni zamanda, müəlliflik hüquqları, mənbələrin göstərilməsi və istifadə üçün müvafiq icazələrin alınması məsələləri də nəzərə alınmalıdır. Burada əsas məsələ hər bir mətnə mütləq AI etiketi əlavə etmək deyil, auditoriyanı yanıltmamaq və süni intellektin rolunu lazım olan hallarda açıq göstərməkdir.
5. Təhsil və peşəkar inkişaf
PR mütəxəssisləri süni intellekt sahəsində biliklərini davamlı şəkildə artırmalıdırlar. Texnologiyalar sürətlə dəyişdiyindən bu gün istifadə olunan alətlərin imkanları və riskləri bir neçə ay sonra fərqli ola bilər.
Buna görə də PR mütəxəssisi süni intellektdən yalnız mətn hazırlamaq üçün istifadə etməyi deyil, həm də ondan düzgün və məsuliyyətlə yararlanmağı bacarmalıdır. O, şəxsi və məxfi məlumatların qorunmasına, müəllif hüquqlarına, süni intellektin yanlış və qərəzli məlumatlar təqdim etməsi ehtimalına, yalan xəbərlərin yayılmasının qarşısının alınmasına və süni intellektin hazırladığı məzmunun düzgünlüyünün yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
6. Qlobal səviyyədə fəal mövqe
PR mütəxəssisləri və peşəkar kommunikasiya təşkilatları süni intellektdən məsuliyyətli istifadə ilə bağlı ictimai müzakirələrdə fəal iştirak etməlidirlər.
Bu prinsip PR mütəxəssisinin yalnız öz təşkilatının maraqlarını ifadə edən şəxs olmadığını, eyni zamanda dürüst kommunikasiya, şəffaflıq və ictimai etimadın müdafiəsində rol oynadığını göstərir.
PR peşəkarları təşkilatlara süni intellektin düzgün tətbiqi barədə məsləhətlər verməli, yanlış və manipulyativ istifadəyə qarşı mövqe bildirməli, texnologiyanın idarə olunması ilə bağlı müzakirələrdə iştirak etməlidirlər.
7. Ümumi rifah naminə insan mərkəzli süni intellekt
Süni intellektin tətbiqində əsas məqsəd yalnız təşkilatın məhsuldarlığını və iqtisadi səmərəliliyini artırmaq olmamalıdır. Texnologiya insanlara, cəmiyyətə və ictimai rifaha fayda verməlidir.
PR mütəxəssisləri AI layihələrinin sosial bərabərliyə, məlumat əldə etmək imkanlarına və ictimai maraqlara təsirini nəzərə almalıdırlar.
Məsələn, səhiyyə sahəsində süni intellektin tətbiqi tibbi məlumatların daha əlçatan olmasına, maarifləndirici kontentin hazırlanmasına və pasiyentlərlə kommunikasiyanın təkmilləşdirilməsinə kömək edə bilər. Lakin tibbi məlumatların düzgünlüyü, pasiyentlərin məxfiliyi və yanlış məlumat riskləri daim diqqətdə saxlanılmalıdır.
PR mütəxəssisi süni intellektdən istifadə etməzdən əvvəl nələri yoxlamalıdır?
CIPR-in təlimatında xüsusi diqqət yetirilən məsələlərdən biri praktik yoxlama siyahısıdır. Bu yanaşma süni intellekt alətlərindən istifadənin yalnız texniki deyil, həm də etik baxımdan qiymətləndirilməsini nəzərdə tutur. PR mütəxəssisi aşağıdakı suallara cavab tapmalıdır:
AI alətini seçərkən:
Bu alət hansı şirkət tərəfindən hazırlanıb və nə dərəcədə etibarlıdır?
Daxil edilən məlumatlar necə saxlanılır və emal olunur?
Məlumatlar modelin təlimində istifadə edilə bilərmi?
Alət müəlliflik hüquqlarını və məxfilik tələblərini nəzərə alırmı?
Onun nəticələrinə insan nəzarəti tətbiq etmək mümkündürmü?
Məlumatlarla işləyərkən:
Şəxsi və məxfi məlumatların sistemə daxil edilməsinə icazə varmı?
Məlumatların istifadəsi üçün müvafiq hüquqi əsas və icazə mövcuddurmu?
Pasiyent, əməkdaş, müştəri və tərəfdaş məlumatları qorunurmu?
Təşkilatın daxili informasiya təhlükəsizliyi qaydalarına əməl olunurmu?
AI tərəfindən yaradılmış məzmunu yoxlayarkən:
Faktlar və rəqəmlər etibarlı mənbələrlə təsdiqlənirmi?
Süni intellekt olmayan hadisə, sitat və ya mənbə uydurubmu?
Mətn qərəzli və ya ayrı-seçkilik yaradan ifadələr ehtiva edirmi?
Məzmun təşkilatın rəsmi kommunikasiya üslubuna uyğundurmu?
Şəkil və videolar real hadisə kimi təqdim olunmaqla auditoriyanı yanılda bilərmi?
Məzmunu dərc etməzdən əvvəl:
Materialı məsul əməkdaş yoxlayıbmı?
Lazım olan hallarda AI istifadəsi açıqlanıbmı?
İstifadə olunan şəkil, mətn və digər materialların hüquqları qorunubmu?
Məzmun ictimai maraqlara və təşkilatın reputasiyasına uyğundurmu?
Materialın dərcinə görə kimin məsuliyyət daşıdığı müəyyən edilibmi?
Səhiyyə sahəsində PR və süni intellekt etikası
Süni intellektdən məsuliyyətli istifadə xüsusilə səhiyyə kommunikasiya sahəsində böyük əhəmiyyət daşıyır. Çünki burada təqdim edilən məlumatlar insanların sağlamlığı, müalicə qərarları və tibbi xidmətlərə münasibəti ilə birbaşa əlaqəlidir.
Tibb müəssisəsinin PR mütəxəssisi AI vasitəsilə maarifləndirici məqalələr, sosial media paylaşımları, video ssenariləri və müxtəlif kommunikasiya materialları hazırlaya bilər. Lakin bu materiallarda tibbi dəqiqlik və pasiyent hüquqları əsas prioritet olaraq qalmalıdır. Məsələn:
Pasiyentin hekayəsindən istifadə edilirsə, məxfilik və müvafiq razılıq tələblərinə əməl olunmalıdır.
Süni intellekt vasitəsilə tibbi görüntü hazırlanırsa, onun real klinik görüntü olmadığı aydın olmalıdır.
Müalicə üsulları və tibbi nəticələr haqqında məlumatlar etibarlı tibbi mənbələrə əsaslanmalıdır.
AI tərəfindən yaradılan tibbi məsləhətlər həkim rəyi kimi təqdim edilməməlidir.
Səhiyyə sahəsində bir yanlış cümlə belə pasiyentdə əsassız narahatlıq yarada və ya yanlış qərara səbəb ola bilər. Buna görə də burada insan nəzarəti və peşəkar yoxlama xüsusi əhəmiyyət daşıyır.
Təşkilatlar üçün AI siyasəti niyə vacibdir?
CIPR-in yeni təlimatı yalnız fərdi PR mütəxəssislərinə deyil, təşkilatların rəhbərliyinə və kommunikasiya komandalarına da ünvanlanıb.
Hər bir təşkilat süni intellektdən istifadəyə dair daxili qaydalar hazırlamalıdır. Bu qaydalar əməkdaşların hansı alətlərdən istifadə edə biləcəyini, hansı məlumatların paylaşılmasının qadağan olduğunu, məzmunun necə yoxlanılacağını və məsuliyyətin kimə aid olduğunu müəyyən etməlidir.
Belə siyasətin hazırlanması bir neçə istiqaməti əhatə edə bilər:
1. Təşkilatda istifadə edilə bilən AI alətlərinin siyahısının müəyyənləşdirilməsi.
2. Şəxsi və məxfi məlumatların qorunması qaydalarının hazırlanması.
3. AI tərəfindən yaradılmış məzmun üçün yoxlama və təsdiq mexanizminin yaradılması.
4. Müəlliflik hüquqları və mənbələrdən istifadə qaydalarının müəyyənləşdirilməsi.
5. Əməkdaşlar üçün AI etikası üzrə mütəmadi təlimlərin keçirilməsi.
6. Süni intellektdən istifadə zamanı baş verə biləcək səhvlərə görə məsuliyyət mexanizminin müəyyənləşdirilməsi.
Bu yanaşma texnologiyadan istifadənin təsadüfi və nəzarətsiz deyil, sistemli və məsuliyyətli şəkildə həyata keçirilməsinə imkan yaradır.
Gələcəyin PR mütəxəssisi texnologiyanı bilməklə yanaşı, etik qərar verməyi də bacarmalıdır
Süni intellekt PR mütəxəssisinin işini sürətləndirə, yaradıcılıq imkanlarını genişləndirə və kommunikasiya proseslərinin səmərəliliyini artıra bilər. Lakin texnologiyanın imkanlarının genişlənməsi insan məsuliyyətini azaltmır, əksinə, daha da artırır.
Gələcəyin peşəkar PR mütəxəssisi yalnız düzgün sorğu (prompt) yazmağı, mətn və vizual material yaratmağı bacaran şəxs olmayacaq. O, eyni zamanda məlumatın doğruluğunu qiymətləndirən, məxfiliyi qoruyan, qərəzli nəticələri müəyyən edən, etik qərarlar qəbul edən və auditoriyanın etimadını qoruyan kommunikasiya mütəxəssisi olacaq.
CIPR-in yeni təlimatının əsas mesajı da məhz budur: Süni intellekt PR mütəxəssisinin köməkçisidir, onun peşəkar mühakiməsini və məsuliyyətini əvəz edən tərəf deyil.
Texnologiya nə qədər inkişaf etsə də, PR-ın əsas kapitalı insan etimadı olaraq qalır. Bu etimadı qorumaq isə hər bir kommunikasiya mütəxəssisinin əsas vəzifəsidir.
Dilarə Zamanova