IMF rəhbəri süni intellekt bazarında mümkün korreksiya ilə bağlı xəbərdarlıq edib


Bakı, 20 noyabr, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristalina Georgiyeva maliyyə bazarlarında süni intellektlə əlaqəli aktivlərin qiymətlərində müəyyən korreksiyanın davam edə biləcəyini gözləyir. O, bazarlardakı mövcud nikbinliyin həddindən artıq yüksək olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, IMF rəhbəri süni intellekt sektorunda sürətli bahalaşmanın həddindən artıq səviyyəyə çatmış ola biləcəyi ilə bağlı narahatlıqların artdığı, eyni zamanda, ABŞ-nin Çinə yüksək texnologiyalı çiplərin qanunsuz tədarükünün qarşısını almağa çalışdığı bir şəraitdə bazarlarda əlavə korreksiyanın mümkünlüyünü istisna etməyib.
Kristalina Georgiyeva bildirib ki, fond bazarlarda müəyyən korreksiya gözləyir: “Hazırda müşahidə olunan həddindən artıq nikbinlik bu prosesin davam etməsi ehtimalını artırır. Bu dövrdə genişmiqyaslı korreksiya gözləmirik. Lakin müəyyən qədər əlavə korreksiya baş verə bilər ki, bu da bazarı daha dayanıqlı vəziyyətə gətirəcək”.
Onun sözlərinə görə, “Nvidia” kimi çip istehsalçılarının alıcıların öz avadanlıqlarını əldə etməsi üçün maliyyə vəsaiti ayırması ilə bağlı “dövri maliyyələşdirmə” mexanizminin ümumi həcmi təxminən 1 trilyon dollara çatıb: “Bu məbləğin təqribən üçdə ikisi borc vəsaitlərindən ibarətdir”.
BVF rəhbəri həmin məbləğin özlüyündə çox böyük olmadığını, lakin maliyyələşdirmənin sürətlə artmasının və tədricən kapitaldan borc vəsaitlərinə keçidin daha ciddi narahatlıq doğurduğunu qeyd edib: “Bu vəziyyət maliyyə sabitliyi üçün potensial risk yaradır. Baş verən proseslər barədə şəffaflığın təmin edilməsi və şirkətlərin risklərə qarşı diqqətli davranması həmin təhlükəni azaltmağa kömək edə bilər”.
O, həmçinin fondun süni intellektin qlobal iqtisadi artıma 0,5 faiz bəndi həcmində töhfə verə biləcəyi ilə bağlı ehtiyatlı proqnoza malik olduğunu bildirib. Kristalina Georgiyeva 2026-cı ili süni intellektin qlobal iqtisadi artımda real dəyişiklik yaratdığı ilk il kimi xarakterizə edib.
Qeyd edək ki, süni intellekt sahəsinə yatırılan böyük investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar qlobal maliyyə bazarlarında dəyişkənliyi artırıb. “Anthropic” şirkətinin səhmləri rekord ilkin kütləvi təklif qiymətindən 17 faiz yüksək səviyyədə ticarət gününü başa vursa da, süni intellektə yönəlmiş investisiyalara münasibətdə ehtiyatlı yanaşmanın gücləndiyi müşahidə olunub. Bunun fonunda texnologiya şirkətlərinin səhmlərinin üstünlük təşkil etdiyi “Nasdaq 100” indeksi 2,2 faiz geriləyib.
1 mənbə