Si Cinpin Trampı trapda qarşıladı, Putinin qarşısına çıxmadı – NİYƏ?


680 18.11.2026 14:11 Dünya A A
Çində dünyanın üç böyük dövlətinin liderlərinin iştirakı ilə keçiriləcək tarixi görüş ərəfəsində diqqətçəkən diplomatik hadisə baş verib. Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampı hava limanında şəxsən qarşılayıb, Rusiya Prezidenti Vladimir Putinin qarşısına isə çıxmayıb. Pekinin iki prezidentə göstərdiyi fərqli münasibət siyasi mesaj kimi qiymətləndirilə bilər.
Musavat.com xəbər verir ki, noyabrın 18-də Çinin Şençjen şəhərinə gələn Donald Trampı Si Cinpin şəxsən hava limanında, prezident təyyarəsinin trapı qarşısında qarşılayıb. Liderlər əl sıxıb, qucaqlaşıblar. Çin rəhbərinin ABŞ prezidentinə göstərdiyi bu xüsusi diqqət beynəlxalq medianın da diqqətini çəkib.
Lakin həmin gün Çinə gələn Vladimir Putin eyni münasibəti görməyib.
Rusiya prezidentini hava limanında Si Cinpin deyil, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin rəhbərliyində beşinci yeri tutan Tsay Tsi qarşılayıb. Qarşılama mərasimində Çinin xarici işlər naziri Van İ də iştirak edib.
Putin üçün qırmızı xalça sərilib, fəxri qarovul düzülüb. Lakin ən mühüm detal dəyişməz qalıb: Si Cinpin Trampı qarşılamağa şəxsən gedib, Putini qarşılamağı isə özünün 5-ci dərəcəli nümayəndəsinə həvalə edib.
Bu fərq təsadüfdür, yoxsa Pekinin düşünülmüş diplomatik gedişi?
Birinci ehtimal diplomatik qarşılıqlılıq prinsipidir. Sentyabrın 23-də Si Cinpin ABŞ-a səfər edərkən Donald Tramp onu Endryus hərbi hava bazasında şəxsən qarşılamışdı. İndi Çin liderinin eyni jesti təkrarlaması qarşılıqlı ehtiramın nümayişi ola bilər.
Lakin məsələ təkcə protokolla məhdudlaşmaya bilər.
İkinci və daha mühüm məqam Çinin ABŞ-la münasibətlərə verdiyi strateji əhəmiyyətdir. Pekin Vaşinqtonla ticarət müharibəsinin, texnoloji rəqabətin və geosiyasi qarşıdurmanın nəticələrini yaxşı anlayır. Çin üçün ABŞ-la münasibətlərin idarə olunması qlobal iqtisadi və siyasi prioritetdir.
Rusiya isə Çin üçün mühüm strateji tərəfdaş olaraq qalsa da, iki ölkənin iqtisadi və beynəlxalq imkanları eyni deyil. Ukrayna müharibəsi və Qərb sanksiyaları fonunda Moskvanın Pekinlə əməkdaşlığa ehtiyacı daha da artıb.
Bu vəziyyətdə Si Cinpinin Trampa xüsusi diqqət göstərməsi, Putini isə şəxsən qarşılamaması beynəlxalq diplomatiyada qüvvələr nisbətinin nümayişi kimi də yozula bilər.
Üçüncü ehtimal isə Pekinin Moskva və Vaşinqton arasında öz siyasi üstünlüyünü nümayiş etdirmək istəyidir. Çin həm Rusiya ilə strateji tərəfdaşlığını qoruyur, həm də ABŞ-la birbaşa anlaşma imkanlarını genişləndirməyə çalışır. Bu mənada Trampa göstərilən xüsusi ehtiram Pekinin Vaşinqtonla münasibətlərə ayrıca siyasi çəki verdiyini göstərən jest kimi görünür.
Ən maraqlısı isə odur ki, bu diplomatik fərq üç liderin sabaha planlaşdırılan tarixi görüşündən dərhal əvvəl baş verib.
Noyabrın 19-da Si Cinpin, Donald Tramp və Vladimir Putinin üçtərəfli danışıqlar aparması gözlənilir. Ukrayna müharibəsi, İran ətrafındakı vəziyyət, nüvə təhlükəsizliyi və qlobal güc balansı danışıqların əsas mövzuları sırasında göstərilir.
Şençjendə isə mənzərə aydın idi: Trampı Si Cinpin özü qarşıladı, Putini isə beşinci şəxs. Bu fərqin siyasi mənası barədə sualların yaranması qaçılmazdır.
Musavat.com
Dərc vaxtına görə