Serkan Torundan Bülent Arınça sərt reaksiya


Dərc olunub: Bu gün, 13:14
Bölmə: Video
“72 yaşına qədər kresloda oturmaq əvəzinə gənclərin önünü açın!”
“Cənab Arınç, təcrübə, əlbəttə, vacibdir, lakin dövlət vəzifələri heç kimin ömürlük oturacağı kreslolar deyil!”
Dost Partiyası sədr müavini Serkan Torun Türkiyənin keçmiş TBMM sədri Bülent Arınçın hakim və prokurorların pensiya yaşının 65-dən 72-yə qaldırılması ilə bağlı təklifinə sərt şəkildə qarşı çıxıb.
S.Torun məhkəmə sistemində təcrübənin əhəmiyyətini qəbul etdiklərini, lakin gənc hüquqşünasların qarşısının açılmasının da dövlətin gələcəyi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“Cənab Arınç, imkan verin artıq gənclərin önü açılsın!”
S.Torun açıqlamasında bunları bildirib:
“Cənab Bülent Arınç, təcrübə, əlbəttə, çox qiymətlidir. Lakin təcrübə adı altında insanların 72 yaşına qədər vəzifələrində saxlanılmasını doğru hesab etmirəm.
Bu ölkədə illərlə təhsil almış, hüquq fakültələrini bitirmiş, hakimlik və prokurorluq imtahanlarına hazırlaşmış, karyeralarında yüksəlməyi gözləyən minlərlə gənc hüquqşünasımız var.
Bəs bu gənclər nə vaxt vəzifə alacaq? Nə vaxt yüksələcək? Nə vaxt dövlət idarəçiliyində məsuliyyət daşıyacaqlar?
65 yaşına çatmış hakim və prokurorlarımız vəzifələrini başa vursun, təqaüdə çıxsın, ailələri və nəvələri ilə vaxt keçirsinlər. Təcrübələrini gənc nəsillərə ötürsünlər.
Dövlət vəzifələri heç kimin şəxsi mülkü deyil!”
“Bu gün məhkəmə sistemində 72 yaş deyərsiniz, sabah bütün qurumlar bunu örnək göstərəcək!”
S.Torun təklifin yalnız məhkəmə sistemi ilə məhdudlaşmayacağına diqqət çəkərək belə deyib:
“Bu gün hakim və prokurorlar üçün pensiya yaşını 72-yə qaldırsanız, sabah digər dövlət qurumlarında da oxşar tələblər gündəmə gələcək.
O zaman gənclərimizin qarşısını necə açacağıq?
Dövlət idarəçiliyində nəsillərarası tarazlığı qorumalıyıq. Təcrübəli şəxslərin bilik və bacarıqlarından yararlanmağın yolu hər kəsi illərlə eyni kresloda saxlamaq deyil.
Təqaüdə çıxan hakim və ya prokuror öz bilik və təcrübəsini təhsil, məsləhətçilik və akademik fəaliyyət vasitəsilə gənc həmkarlarına ötürə bilər.”
“Məhkəmə sistemində əsas məsələ yaş deyil, liyaqət və ədalətdir!”
S.Torun məhkəmə sistemində müzakirə edilməli əsas məsələnin pensiya yaşından əvvəl ləyaqət, müstəqillik və ədalət olduğunu bildirib.
“Bizə lazım olan insanların neçə yaşına qədər vəzifədə qalacağı müzakirəsindən daha çox, məhkəmə sisteminin necə daha müstəqil, qərəzsiz, sürətli və etibarlı hala gətiriləcəyidir.
Gənc hakim və prokurorlarımızın peşəkar inkişafını dəstəkləməli, ləyaqət və bacarıqlara əsaslanan yüksəliş sistemini gücləndirməli və ədalətə olan inamı artırmalıyıq.
Ədalətin gücü kresloda keçirilən illərlə deyil, verilən qərarların hüquqa və vicdana uyğunluğu ilə ölçülür.”
“Cənab Arınç, siz də artiq təqaüdün dadını çıxarın!”
Bülent Arınça birbaşa müraciət edən S.Torun açıqlamasını belə tamamlayıb:
“Cənab Arınç, siz də illərlə dövlətin mühüm vəzifələrində çalışmısınız. TBMM sədri olmusunuz, uzun illər siyasətdə fəaliyyət göstərmisiniz.
Artıq gənclərin qarşısını açmağın, təcrübələrinizi yeni nəsillərə ötürməyin vaxtı çatmayıb?
Məncə, siz də artıq təqaüdün dadını çıxarın, nəvələrinizlə gözəl vaxt keçirin.
Bu ölkənin gəncləri yalnız nəsihət deyil, fürsət də gözləyir.
Bizim mübarizəmiz şəxslərin vəzifələrini qoruması üçün deyil, gənclərimizin gələcəyini inşa etmək üçündür.
Unutmayaq ki, dövlət vəzifələri gəldi-gedərdir. Əsl qalıcı olan geridə qoyduğumuz xidmətlər və yetişməsinə töhfə verdiyimiz nəsillərdir.
Türkiyənin gələcəyi kresloların ömrünü uzatmaqla deyil, gənclərin qarşısını açmaqla güclənəcək.”
Serkan Torun
Dost Partiyası sədr müavini