Ermənistan dəmir yolunda rus idarəçiliyini dəyişmək istəyir: İrəvanın planı Moskvanın razılığından asılıdır


“Ermənistan hakimiyyəti hesab edir ki, Rusiyanın idarəçiliyində olan dəmir yolu beynəlxalq rəqabət imkanlarının bir hissəsini itirir, lakin konsessiyanın başqa ölkəyə verilməsi məsələsində Moskvanın razılığı hələ də əsas şərt olaraq qalır”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşr bildirir ki, Ermənistanla Rusiya arasında Ermənistan dəmir yolunun konsessiya idarəçiliyi ilə bağlı müzakirələr praktiki mərhələyə keçib. Oktyabr ayında yaradılmış Ermənistan-Rusiya birgə işçi qrupunun danışıqları başlayıb.
Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini David İvanyanın sözlərinə görə, tərəflər Rusiya konsessiyasının səmərəliliyini, eləcə də dəmir yolu infrastrukturunun ayrı-ayrı hissələrinin bərpası məsələlərini müzakirə ediblər.
“Onun qiymətləndirməsinə görə, müzakirələr konstruktiv və praktiki şəraitdə keçib. Bununla belə, Rusiya tərəfinin mövcud idarəetmə sisteminin səmərəliliyini əsaslandıra bilib-bilmədiyini söyləmək hələ tezdir. İşçi qrupa mövcud problemlərin həlli üçün mümkün variantları tapmaq və növbəti addımları müəyyənləşdirmək məqsədilə üç ay vaxt verilib”, - deyə nəşr yazıb.
Məqalədə qeyd olunur ki, işçi qrupa David İvanyan rəhbərlik edir. Rusiya tərəfindən isə qrupun tərkibinə nəqliyyat nazirinin müavini Aleksey Şilo və “Rusiya Dəmir Yolları” şirkətinin baş direktorunun müavini Vyaçeslav Pavlovski daxil edilib.
İşçi qrupun yaradılması barədə qərar oktyabrın 15-də, oktyabrın 14-də Nikol Paşinyanla “Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru Oleq Belozyorov arasında keçirilən görüşün nəticələrinə əsasən qəbul edilib.
“Həmin görüşdə Ermənistan dəmir yolunun konsessiya idarəçiliyinin səmərəliliyi məsələsi müzakirə olunub. Tərəflər üç ay ərzində mövcud problemləri birgə araşdırmaq və onların həlli yollarını təklif etmək barədə razılığa gəliblər”, - deyə məqalədə bildirilib.
Nəşr xatırladır ki, Belozyorov görüşdən sonra konsessiyanın dayandırılması və ya başqa ölkəyə verilməsi məsələsinin müzakirə olunmadığını açıqlamışdı. Onun sözlərinə görə, danışıqların əsas mövzusu qüvvədə olan müqavilə çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsi olub. Ermənistan tərəfi isə dəmir yolunun rəqabət qabiliyyətinin artırılmasını əsas prioritet kimi göstərib.
Məqalədə Ermənistan hakimiyyətinin mövqeyinə də geniş yer ayrılır. Bildirilir ki, İrəvan Rusiyanın idarəçiliyində olan dəmir yolunun beynəlxalq rəqabət imkanlarını itirdiyini düşünür. Bu məsələ regional kommunikasiyaların açılması və Ermənistanın beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyası perspektivi fonunda xüsusi əhəmiyyət qazanır.
“İrəvanın təklifi Rusiya konsessiya hüququnun Ermənistan və Rusiya üçün məqbul olan üçüncü ölkəyə verilməsidir. Bu variant ilin əvvəlindən müzakirə olunur”, - deyə nəşr yazıb.
Müəllif yazıb ki, Paşinyan fevral ayında mümkün namizədlər kimi Qazaxıstanı, Birləşmiş Ərəb Əmirliklərini və Qətəri göstərmişdi. Sentyabrda isə həmin ölkənin inkişaf etmiş dəmir yolu infrastrukturu və bu sahəyə investisiya yatırmaq təcrübəsini nəzərə alaraq Qazaxıstan variantını xüsusi qeyd etmişdi.
“Oktyabr ayında Ermənistan baş naziri məsələnin Rusiya ilə münasibətləri gərginləşdirmədən, qarşılıqlı razılaşma yolu ilə həllinə üstünlük verdiklərini bildirmişdi. Bununla belə, Moskvanın mövqeyi ehtiyatlı olaraq qalır. Rusiya tərəfi konsessiya idarəçiliyi hüququnun üçüncü ölkəyə verilməsinə hazır olduğunu bəyan etməyib.
Əksinə, Rusiya rəsmiləri vaxtaşırı bildirirlər ki, mövcud müqavilə çərçivəsində Ermənistan dəmir yolunun idarə edilməsi üzərinə götürülmüş öhdəliklərə uyğun həyata keçirilir və onun dəyişdirilməsi üçün obyektiv zərurət yoxdur. Rusiya tərəfinin mühüm arqumentlərindən biri də infrastruktura yatırılmış investisiyaların həcmidir”, - deyə nəşr qeyd edib.
“Rusiya Dəmir Yolları” şirkətinin rəhbəri Oleq Belozyorovun təqdim etdiyi məlumata əsasən, konsessiya müddətində Rusiya Dəmir Yollarının və “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin gəlirləri hesabına yatırılmış investisiyaların ümumi həcmi təxminən 146 milyard dram, yaxud 400 milyon dollar təşkil edib.
Nəşr bildirir ki, Rusiya tərəfi müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya vaxtından əvvəl dayandırılması halında həmin investisiyaların kompensasiyası məsələsini gündəmə gətirə biləcəyini açıqlayıb.
“Beləliklə, konsessiyanın yenidən nəzərdən keçirilməsi yalnız siyasi razılaşma deyil, həm də müqavilə, maliyyə və hüquqi çətinliklərin aradan qaldırılmasını tələb edir”, - deyə məqalədə vurğulanıb.
Məqalədə Ermənistan dəmir yolu infrastrukturunun ölkənin mülkiyyəti olduğu, “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin isə onun konsessiya idarəçiliyini həyata keçirdiyi xüsusi qeyd olunur.
“Qüvvədə olan müqavilə 2008-ci ildə 30 il müddətinə, 2038-ci ilədək imzalanıb və onun daha 10 il uzadılması imkanı nəzərdə tutulub. Nikol Paşinyan isə əvvəlki dövrlərdə pulsuz göstərilmiş bəzi xidmətlərə görə Ermənistanın Rusiya tərəfdən ödəniş tələb etməyə başlaya biləcəyinə işarə edib”, - deyə nəşr yazıb.
Məqalədə bildirilib ki, işçi qrupun müzakirələrinin digər mühüm istiqaməti dəmir yolunun iki hissəsinin bərpasıdır. Söhbət Arazdəyən stansiyasından Naxçıvan sərhədinədək olan hissədən və Gümrüdən Türkiyə sərhədinədək uzanan dəmir yolundan gedir.
“Nəqliyyat əlaqələrinin yenidən fəaliyyətə başlaması Ermənistan üçün regional kommunikasiyaların açılması, yükdaşımaların artırılması və beynəlxalq tranzit marşrutlarına qoşulmaq baxımından yeni imkanlar yarada bilər”, - deyə məqalədə bildirilib.
Nəşr qeyd edir ki, Moskva bu hissələrin bərpası ilə bağlı İrəvanın mövqeyini hələ oktyabrın əvvəlində gözləyirdi. İndi isə məsələ işçi qrupun müzakirə gündəliyinə daxil edilib.
Bununla belə, məqalədə vurğulanır ki, infrastrukturun bərpası yalnız tikinti və texniki proses kimi qiymətləndirilə bilməz. Bu məsələ gələcək nəqliyyat axınlarının istiqamətləri, marşrutların idarə olunması, eləcə də həmin marşrutlardan əldə ediləcək iqtisadi və strateji faydaların bölüşdürülməsi ilə birbaşa bağlıdır.
Qazaxıstanın mümkün iştirakı da ayrıca müzakirə mövzusudur. Nəşrin məlumatına görə, Ermənistan hakimiyyəti bu ölkəni əsas variantlardan biri kimi nəzərdən keçirir. Buna səbəb Qazaxıstanın dəmir yolu sahəsində təcrübəsi, logistika imkanları, Rusiya və Qərblə sıx iqtisadi-siyasi əlaqələridir.
“Qazaxıstan müəyyən mənada İrəvanla Moskva arasında aralıq həll yolu ola bilər. Çünki bu ölkə hər iki tərəf üçün məqbul tərəfdaş kimi nəzərdən keçirilə bilər. Noyabrın 6-da Qazaxıstanın baş nazir müavini, nəqliyyat naziri Asel Janasova İrəvana səfər edib. Onunla beynəlxalq logistika imkanları və regional infrastrukturun inkişafı müzakirə olunub”, - deyə nəşr yazıb.
Lakin Ermənistanın baş nazir müavini Mher Qriqoryan noyabrın 10-da Janasova ilə görüşündə Ermənistan dəmir yolunun konsessiya idarəçiliyinin Qazaxıstana verilməsi məsələsinin müzakirə olunmadığını bildirib.
Nəşr hesab edir ki, bu səbəbdən səfəri konsessiya ilə bağlı danışıqların sübutu kimi təqdim etmək olmaz. Bununla belə, səfərin vaxtı və müzakirə olunan sahələr regional nəqliyyat əməkdaşlığının genişləndirilməsi baxımından diqqətəlayiqdir.
“Qazaxıstan variantı siyasi müzakirə mövzusu olaraq qalır, lakin onun həyata keçirilməsi üçün ilk növbədə Moskvanın razılığı lazımdır. Rusiya isə indiyədək belə bir hazırlıq nümayiş etdirməyib”, - deyə məqalədə vurğulanıb.
Nəşrin qənaətinə görə, dəmir yolunun konsessiyası ətrafında yaranmış vəziyyət Cənubi Qafqazda formalaşan yeni nəqliyyat və geosiyasi reallıqları əks etdirir. Ermənistan üçün məsələ yalnız dəmir yolu şəbəkəsinin səmərəliliyinin artırılması deyil, həm də bu mühüm infrastruktur sahəsində Rusiyanın təsirinin azaldılmasıdır.
Məqalədə “Tramp marşrutu” layihəsi (Zəngəzur dəhlizi-red.), Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və Türkiyə ilə sərhədlərin mümkün açılması fonunda dəmir yolunun strateji əhəmiyyətinin artdığı qeyd olunur.
“Rusiya üçün isə konsessiyanın saxlanılması regionda mühüm təsir mövqeyinin qorunması deməkdir. Buna görə də qarşıdakı üç ay ərzində aparılacaq danışıqlar göstərəcək ki, mövcud konsessiya çərçivəsində rəqabət qabiliyyəti və investisiyalarla bağlı problemləri həll etmək mümkün olacaq, yoxsa tərəflər idarəetmə hüququnun başqa ölkəyə verilməsi variantına qayıtmalı olacaqlar”, - deyə nəşr yazıb.
Məqalənin sonunda bildirilir ki, danışıqların nəticəsi yalnız Ermənistan dəmir yolunun gələcəyinə deyil, ölkənin regional nəqliyyat xəritəsindəki mövqeyinə də ciddi təsir göstərə bilər. Bununla belə, nəşr hesab edir ki, bu əsas məsələ işçi qrup səviyyəsində deyil, Vladimir Putinlə Nikol Paşinyan arasında yüksək səviyyəli danışıqlarda həll ediləcək.
Alpər Mövludoğlu Ordu.az