Erməni ekspert: “Rusiya yeni yolların açılmasını qəbul edə bilər, lakin strateji təsir imkanlarını kimin əldə edəcəyinə biganə qalmaz”


“İranın narahatlığı yalnız ABŞ hərbçilərinin mümkün mövcudluğu ilə bağlı deyil, onun sərhədlərinin yaxınlığında daimi xarici təsir infrastrukturunun yaradılması ilə əlaqədardır”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hentaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan TRIPP layihəsi (Zəngəzur dəhlizi-red.) ilə bağlı İranın narahatlıqlarını və Rusiyanın bu layihəyə münasibətini şərh edərkən bildirib.
Erməni ekspertin sözlərinə görə, İranın TRIPP layihəsi ilə bağlı narahatlıqları aradan qalxmayıb, əksinə, son hadisələr fonunda Tehran bu narahatlıqları daha açıq və sərt şəkildə ifadə edir. O vurğulayıb ki, İran üçün əsas məsələ yalnız Qərb qüvvələrinin mümkün mövcudluğu deyil, həm də ölkənin bilavasitə yaxınlığında gələcəkdə xarici təsir vasitəsinə çevrilə biləcək strateji infrastrukturun formalaşdırılmasıdır.
Xaçatryan bildirib ki, ABŞ ilə onilliklərdir qarşıdurma şəraitində olan İran üçün bu məsələ həm təhlükəsizlik, həm də geosiyasi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Tehran Cənubi Qafqazı daim öz milli təhlükəsizliyinin birbaşa təsir zonası kimi nəzərdən keçirib.
“İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin son günlər səsləndirdiyi bəyanatlar özlüyündə çox şeydən xəbər verir. Onun Paşinyanın siyasətini və TRIPP layihəsini sərt tənqid etməsi İran siyasi elitasının nüfuzlu dairələrinin bu prosesi necə qəbul etdiyini göstərir.
Bəli, mümkündür ki, Tehran öz taktikasını dəyişsin, diplomatik ritorikasını yumşaltsın, hətta müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq etsin. Lakin İranın şimal sərhədlərinin bilavasitə yaxınlığında onun strateji manevr imkanlarını məhdudlaşdıra biləcək xarici mövcudluğun möhkəmləndirilməsi ilə barışması çətin görünür”, - deyə ekspert bildirib.
Xaçatryan Rusiyanın TRIPP layihəsindən əldə edə biləcəyi iqtisadi və geosiyasi dividendləri də qiymətləndirib. Onun fikrincə, bu layihə Moskva üçün eyni zamanda həm iqtisadi imkan, həm də geosiyasi çağırışdır.
Erməni ekspert qeyd edib ki, Rusiya regionda nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır, çünki yeni marşrutlar Moskva üçün də iqtisadi fayda yarada bilər.
“Bununla belə, əsas məsələ yeni yolların açılmasından sonra regional kommunikasiyaların idarə olunması, təhlükəsizliyi və iqtisadi istismarı üzərində əsas rıçaqların kimin əlində cəmləşəcəyidir.
Rusiya üçün TRIPP eyni zamanda həm iqtisadi imkan, həm də geosiyasi çağırışdır. Bir tərəfdən, Moskva regional kommunikasiyaların açılmasında maraqlıdır, çünki yeni nəqliyyat yolları Rusiyaya da iqtisadi fayda gətirə bilər. Digər tərəfdən, burada daha dərin bir problem mövcuddur. Rusiya üçün əsas sual budur ki, həmin yol açıldıqdan sonra regional kommunikasiyaların idarə olunması, təhlükəsizliyi və iqtisadi istismarı ilə bağlı əsas rıçaqlar kimin əlində olacaq. Rusiya onilliklər ərzində Cənubi Qafqazdakı təsirini həm də kommunikasiyalar və infrastruktur üzərində nəzarət vasitəsilə qoruyub saxlayıb.
İndi isə prosesdə təşəbbüs Vaşinqtona keçdiyi üçün Moskva öz təsir imkanlarının yenidən bölüşdürülməsi problemi ilə üzləşir. Unutmayaq ki, Ermənistanın dəmir yolu şəbəkəsi 2038-ci ilədək konsessiya idarəçiliyi əsasında Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin idarəçiliyindədir. Buna görə də yeni kommunikasiya sisteminin formalaşdırılması Rusiyanın konkret iqtisadi maraqlarına da toxunur.
Mənim üçün Moskvanın ikili yanaşması xüsusilə diqqətçəkəndir. Rusiya prinsip etibarilə regional kommunikasiyaların açılmasına qarşı çıxa bilməz, lakin eyni zamanda onların idarə olunması və təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasından kənarda qalmaq istəmir. Yəni Rusiya yeni yolların mövcudluğunu qəbul edə bilər, lakin həmin yollar vasitəsilə strateji təsiri kimin əldə edəcəyinə biganə qalması çətindir”, - deyə Xaçatryan vurğulayıb.
Alpər Mövludoğlu Ordu.az