Şəhid övladı Xankəndi stadionunda rəmzi ilk zərbəni vurub


Xankəndi şəhər stadionunda əsaslı yenidənqurmadan sonra ilk rəsmi futbol matçına start verilib.
90deqiqe.Az xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində keçirilən “Xankəndi” – “Karvan-Yevlax” qarşılaşmasından əvvəl rəmzi başlama mərasimi təşkil olunub.
Topa ilk toxunuşu 44 günlük Vətən müharibəsində şəhid olmuş Fikrət Məmmədovun oğlu İbrahim edib. O, meydana xüsusi dəvətlə gələn veteran futbolçular Samir Ələkbərov, Emin Salmanov və Münis Abdullayevin müşayiəti ilə çıxıb.
Rəmzi mərasimdən sonra qarşılaşmaya start verilib. Matçı stadiondan 3000-ə yaxın azarkeş izləyir.
Qeyd edək ki, Xankəndi şəhər stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
