Ayxan Abbasovun gələcəyi necə olacaq? - Püşkatma, maliyyə və gözlənilən qərar


Azərbaycan millisi 2026-cı ildəki çıxışını başa vurdu.
Ölkənin bir nömrəli futbol komandası yerli məşqçi – Ayxan Abbasovun rəhbərliyi altında FİFA Series-2026-nı qalib başa vurdu, Millətlər Liqasının D Liqasının 2-ci qrupunu birinci pillədə yekunlaşdırdı.
Ümumilikdə 10 oyunda 7 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət.
İndi cavabsız qalan əsas sual Ayxan Abbasovun yığmadakı gələcək taleyidir.
45 yaşlı mütəxəssislə sözləşmənin müddəti gələn ay başa çatacaq.
Əldə etdiyimiz məlumata görə, məsələ hələ ki, açıq qalıb. AFFA rəhbərliyi baş məşqçi mövzusunda yekun qərarını verməyib.
Əldə etdiyimiz məlumata görə, hazırkı durum qurumdakı əsas söz sahiblərinin ürəyincədir. Amma tələsmək istəmirlər.
Dekabrın 6-da İrlandiyanın paytaxtı Dublində AÇ-2028-nin püşkatma mərasimi keçiriləcək. Millimiz ən aşağı reytinqli komandaların cəmləndiyi 5-ci səbətdə yer alacaq.
Abbasovun taleyinə məhz püşkatma mərasimindən sonra aydınlıq gələcək. Rəqiblər müəyyənləşəndən sonra AFFA rəsmiləri ilə baş məşqçi arasında görüş keçiriləcək ki, orada bəzi müzakirələr aparılacaq. Şərtlər hər iki tərəfi qane etsə, yeni müqavilə bağlanacaq.
Digər önəmli məsələ assosiasiyanın maliyyə imkanlarının əvvəlki illərlə müqayisədə aşağı olmasıdır. Pulun azalması başbilənləri əcnəbi baş məşqçi sevdasının üstündən çarpaz xətt çəkməyə məcbur edir.
Hansısa formada legioner məşqçinin gətirilməsinin vacibliyi ilə bağlı göstəriş verilməsə, AÇ-2028-in seçmə mərhələ oyunlarında milli komandaya Ayxan Abbasov başçılıq edəcək.
HƏBİB / SPORTİNFO.AZ
1 mənbə
