Rusiya xüsusi xidmət orqanları hadisəyə görə məsuliyyəti Ukraynanın üzərinə qoymaq məqsədilə Polşa ərazisində çoxsaylı insan tələfatı ilə nəticələnə biləcək təxribat hazırlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” nəşri yüksək vəzifəli mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, oktyabrın sonlarında və ya noyabrın əvvəllərində Rusiya xüsusi xidmət orqanları Polşa ərazisində təxribat həyata keçirməyi planlaşdırıb. Ehtimal olunur ki, bu məqsədlə sərhəd keçilməli və Polşa ərazisində yerləşən obyektlərdən birinə hücum səhnələşdirilməli idi.
Mənbələrin iddiasına görə, əməliyyat “saxta bayraq” prinsipi ilə həyata keçirilməli, baş verənlərə görə bütün məsuliyyət Kiyevin üzərinə qoyulmalı idi.
Qəzetin mənbələri bildiriblər ki, hazırlanan əməliyyat barədə ilk xəbərdarlığı tərəfdaş ölkələrin xüsusi xidmət orqanları edib. Bununla belə, Polşa kəşfiyyatının analitikləri də mümkün təxribatla bağlı xəbərdarlıq ediblər. Nəşrin məlumatına görə, Estoniya, Latviya və Litvanın xüsusi xidmət orqanları da oxşar xəbərdarlıqlar alıblar.
“Biz hədəfə alınmış obyektlərlə bağlı dəqiq məlumatlara malik idik. Rusiya tərəfi çoxsaylı insan tələfatının olacağını hesablamışdı”, - deyə nəşrin mənbələrindən biri bildirib.
Digər həmsöhbət Rusiyanın planlaşdırdığı təxribatı İkinci Dünya müharibəsindən əvvəl Qleyvits şəhərində təşkil edilmiş məşhur təxribatla müqayisə edib.
“Sərhədi keçən şəxslərin böyük ehtimalla güllələnəcəyinə və ya onların üzərindən Ukraynadan gəldiklərini sübut edən “dəlillər” tapılacağına şübhə yoxdur. Əsas məqsəd Kiyevə göstərilən dəstəyi dayandırmaq idi”, - deyə o izah edib.
Qeyd edək ki, noyabrın əvvəlində Polşanın Baş naziri Donald Tusk Kalininqrad vilayəti ilə sərhəddə təxribat cəhdinin qeydə alındığını açıqlayıb. Onun sözlərinə görə, Sərhəd Mühafizə Xidməti sərhəd zonasında “şübhəli hərəkətlilik” barədə məlumat verib.
“Əllərində fənər olan insanlar var idi. Biz müvafiq qüvvə və vasitələri çox sürətlə səfərbər etdik və təxribatın qarşısını ala bildik”, - deyə Tusk bildirib.
Sevinc Əliyeva Ordu.az

Report+1 mənbə