Rusiya Niderlanddan “Destinus” şirkətinin Ukraynadakı fəaliyyəti ilə bağlı izahat tələb edib


Rusiya Niderlanddan Ukraynada “Ruta” qanadlı raketləri və “Da Vinci” kimi tanınan uzaqmənzilli “Lord” PUA-larının istehsalçısı “Destinus” şirkətinin fəaliyyəti barədə izahat istəyib.
Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Niderlanddakı səfirliyi məlumat yayıb.
Rusiya səfirliyi Haaqadan Niderland hakimiyyətinin “Destinus” əməkdaşlarının Ukraynadakı fəaliyyəti barədə nə dərəcədə məlumatlı olduğuna aydınlıq gətirilməsini tələb edib.
Bu açıqlama Niderlandın NRC nəşrinin noyabrın 19-da dərc etdiyi araşdırmadan sonra verilib. Nəşrin jurnalistləri bir neçə ay ərzində “Destinus” şirkətinin fəaliyyətini araşdırıb, 40-dan çox hazırkı və keçmiş əməkdaş, investor və ekspertlə danışıb, daxili sənədləri, yazışmaları, fotoşəkilləri və videoları təhlil ediblər.
NRC nəşrinin məlumatına görə, şirkətin əməkdaşları Ukraynada zərbə və önləyici PUA-larla işləyiblər. Nəşr iddia edir ki, bəzi hallarda onların fəaliyyəti adi texniki məsləhətləşmələrin hüdudlarını aşıb.
Araşdırmada bildirilir ki, belə hadisələrdən biri 2023-cü ilin iyunun əvvəlində Xarkov yaxınlığında baş verib. “Destinus” əməkdaşları partlayıcı maddələrlə təchiz edilmiş və Voronej yaxınlığındakı hərbi aerodroma uçuş üçün hazırlanmış “Da Vinci” zərbə PUA-larını sınaqdan keçirmək məqsədilə həmin əraziyə gediblər. Sözügedən aerodrom sərhəddən təxminən 180 kilometr məsafədə yerləşir.
NRC-nin məlumatına görə, Ukrayna hərbçiləri həmin vaxt yeni sistemin uçuş istiqamətini təyin etməyi və onu idarə etməyi hələ bilmirdilər. Buna görə də “Destinus” nümayəndələri PUA-ların hazırlanmasına birbaşa kömək ediblər.
Həmin gün, 2023-cü il iyunun 9-da naməlum PUA Voronej şəhərində yaşayış binasına çırpılıb. Nəticədə üç nəfər uçan şüşə qırıntıları səbəbindən xəsarət alıb.
“Destinus”un bəzi əməkdaşları PUA-nın şirkətin öz istehsalı olan vasitələrdən biri ola biləcəyindən şübhələniblər. Lakin “Da Vinci” sistemində yerüstü rabitə kanalı və kamera olmadığından NRC sınaq PUA-sının uçuşunu harada başa vurduğunu qəti şəkildə müəyyən edə bilməyib.
“Destinus” müstəqil döyüş əməliyyatları həyata keçirdiyini təkzib edir. Şirkətin təsisçisi Mixail Kokoriç NRCyə bildirib ki, hədəfləri və döyüş tətbiqi ilə bağlı qərarları Ukrayna tərəfi müəyyən edir, şirkətin əməkdaşları isə müqavilələrə uyğun olaraq texniki dəstək göstərirlər.
Araşdırmanın digər hissəsi “Destinus”un Rusiya hücum PUA-larına qarşı hazırladığı “Hornet” önləyici PUA-sına həsr olunub.
2024-cü ilin payızında şirkətin beynəlxalq əməkdaşlarından ibarət qrup “Hornet” sistemini sınaqdan keçirmək üçün Ukraynaya gəlib.
Təxminən 9 kiloqram ağırlığında olan önləyici PUA düşmən PUA-sını təqib etmək və döyüş başlığını partlatmaqla onu məhv etmək üçün hazırlanıb.
NRC-nin əldə etdiyi daxili yazışmalara görə, sınaqlar zamanı çoxsaylı texniki problemlər yaranıb. PUA-lar GPS siqnallarını və radar əlaqəsini itirib, mühərrik, modem, batareya və avtonom idarəetmə sistemlərində nasazlıqlar qeydə alınıb. Bəzi aparatların qəzaya uğradığı bildirilib.
Buna baxmayaraq, layihə rəhbərliyi adi sınaqlardan faktiki Rusiya hədəflərinin ələ keçirilməsinə keçməyə çalışıb. Əməkdaşlar yazışmalarında “Geran” PUA-larının və “Orlan” kəşfiyyat PUA-larının təqib edilməsini müzakirə ediblər.
“Destinus” NRCyə təsdiqləyib ki, şirkətin Ukraynadakı əməkdaşları “Hornet” PUA-larını müstəqil şəkildə buraxaraq real Rusiya “Geran” PUA-larına qarşı idarə ediblər. Bununla belə, şirkət önləyici aparatların təsirsiz döyüş başlıqları ilə təchiz olunduğunu və uçuşların Ukrayna hərbçilərinin nəzarəti altında həyata keçirildiyini vurğulayıb.
NRC “Hornet” vasitəsilə “Geran” PUA-sının uğurla ələ keçirildiyinə dair təsdiqlənmiş fakt aşkarlamayıb. Nəşrin mənbələri də aylarla davam edən sınaqlara baxmayaraq, belə ələkeçirmələri əks etdirən video görüntülərdən xəbərsiz olublar.
Nəticədə Ukrayna “Hornet” sistemini satın almamaq qərarına gəlib və öz önləyici PUA-larını hazırlayıb. Kokoriçin sözlərinə görə, “Destinus” Ukrayna üçün “Hornet”in bu versiyasının hazırlanmasını dayandırıb. Bununla belə, şirkət sistemin digər müştərilər üçün istehsal edildiyini bildirir.
Bununla yanaşı, Niderland ölkənin Hərbi Dəniz Qüvvələri üçün önləyici PUA-nın yeni versiyasının hazırlanmasını sifariş edib. Yeni sistem freqatlardan buraxılmaq üçün uyğunlaşdırılmalıdır. Proqramın ümumi büdcəsinin 250 milyon avrodan 1 milyard avroyadək olacağı qiymətləndirilir.
Bundan əlavə, Niderland hökuməti 2026-cı ildə Ukrayna üçün “Destinus” istehsalı olan 700 ədəd “Ruta” qanadlı raketi sifariş edib. Sazişin dəyəri 250 milyon avro təşkil edib.
Şirkət, həmçinin “Ruta” raketlərinin və “Da Vinci” PUA-larının Krım körpüsünə qarşı Ukraynanın son əməliyyatlarından birində istifadə edildiyini bildirib.
NRC nəşrinin danışdığı beynəlxalq humanitar hüquq üzrə ekspertlər hesab edirlər ki, silahlı münaqişənin tərəfinə qarşı silah tətbiq etmək və ya hücumda birbaşa iştirak etmək mülki şəxsin hərbi əməliyyatlarda birbaşa iştirakı kimi qiymətləndirilə bilər.
Belə hallarda mülki şəxslər hərbi əməliyyatlarda birbaşa iştirak etdikləri müddətdə beynəlxalq humanitar hüquqla təmin olunan hücumlardan müdafiə statusunu itirə bilərlər.
Niderland Müdafiə Nazirliyi də NRCyə bildirib ki, silah sisteminin münaqişə tərəfinə qarşı birbaşa tətbiqini nəzərdə tutan fəaliyyətlər hərbi əməliyyatlarda birbaşa iştirak hesab olunur. Lakin belə sistemin istifadəsi ilə bağlı ümumi təlimlər bu kateqoriyaya daxil edilmir.
Rusiya səfirliyi öz bəyanatında məhz bu araşdırmanın nəticələrinə istinad edərək Haaqadan dövlətin “Destinus” şirkətinin fəaliyyətindən nə dərəcədə xəbərdar olduğunu açıqlamağı tələb edib.
Niderlandın baş naziri Rob Yetten isə Rusiyanın iddialarını ciddi qəbul etməyə ehtiyac olmadığını bildirib. O, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzünə və beynəlxalq hüququ pozmasına diqqət çəkib.
Qeyd edək ki, “Militarnyi” daha əvvəl “Ruta” qanadlı raketlərinin və uzaqmənzilli “Da Vinci” PUA-larının Krım körpüsünə qarşı zərbələrdə istifadə edildiyini yazıb.
“Destinus”un məlumatına görə, “Ruta” raketləri körpüyə zərbələr endirib, “Da Vinci” PUA-ları isə Rusiya hava hücumundan müdafiə sistemlərini susdurmaq üçün istifadə olunub.
Sevinc Əliyeva Ordu.az
1 mənbə