Mədəaltı vəzi xərçənginin müalicəsində mühüm irəliləyiş: Yeni həb şişləri yox edə bilir


Ana səhifə
Dünya
20 noyabr 2026, 16:49
Mütəxəssislər xərçəngin ən ölümcül növlərindən biri hesab olunan mədəaltı vəzi xərçənginin müalicəsində son onilliklərin ən əhəmiyyətli irəliləyişinə imza atıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, erkən mərhələli klinik sınaqlarda kimyaterapiya ilə birlikdə gündəlik qəbul edilən “daraxonrasib” həbi bəzi xəstələrdə şişləri kiçildib, hətta tamamilə görünməz hala gətirib.
Xəstəliyi bədənin digər hissələrinə yayılmış 61 pasiyentin iştirak etdiyi sınaqlarda iştirakçıların 90 faizində şişin böyüməsi dayanıb, 60 faizindən çoxunda isə şişlər kiçilib və ya yoxa çıxıb. Hər 12 xəstədən birində (təxminən 8 faiz) kompüter tomoqrafiyası müayinəsi zamanı şişlər artıq aşkar edilməyib. “Cancer Research UK” təşkilatının nümayəndəsi Dr. Sem Qodfri BBC-yə açıqlamasında bu nailiyyəti əvvəllər müalicəsi mümkün olmayan xəstəliyi müalicə etməyin yolunu tapmaq kimi dəyərləndirib.
ABŞ-nin Memorial Sloan Kettering Xərçəng Mərkəzindən Dr. Vunqki Park isə bildirib ki, yeni müalicə üsulu xəstəliyə nəzarət müddətini təxminən iki dəfə uzadır və bu da ümumi sağ qalma göstəricilərini artıra bilər. Preparat şişin böyüməsinə səbəb olan “RAS” mutasiyalarını hədəf alaraq onları bloklayır. Oxşar mutasiyalara ağciyər və yumurtalıq xərçəngində də rast gəlindiyi üçün dərmanın gələcəkdə daha geniş xəstə qrupuna fayda verəcəyi ehtimal edilir.
Bununla belə, həkimlər xəbərdarlıq edirlər ki, preparatı hələlik tam sağalma vasitəsi kimi qəbul etmək üçün tezdir. Orta hesabla bir il yarım davam edən müşahidələrdən sonra xərçəngin geri qayıdıb-qayıtmayacağını dəqiq müəyyən etmək üçün daha uzunmüddətli tədqiqatlara ehtiyac var.
Qeyd edək ki, mədəaltı vəzi xərçəngi sağ qalma nisbəti ən aşağı olan onkoloji xəstəliklərdəndir. Təkcə Böyük Britaniyada hər il 11 500 nəfərə bu diaqnoz qoyulur və onların 10 200-ə yaxını həyatını itirir. Sarılıq, dəri qaşınması, səbəbsiz çəki itkisi və halsızlıq kimi əlamətlərlə özünü göstərən bu xəstəlik 2016-cı ildə tanınmış britaniyalı aktyor Alan Rikmanın da ölümünə səbəb olmuşdu.
Şəbnəm Mehdizadə
1 mənbə