Qolden Steyt Draymond və Batleri dəyişə bilər


Qolden Steyt Uorriors rəhbərliyi fevral transfer pəncərəsi bağlanana qədər heyəti gücləndirmək üçün aktiv addımlar atmağı planlaşdırır. Klubun əsas məqsədi Stefen Karri ətrafında daha rəqabətli komanda formalaşdırmaqdır.
Offsideplus.az xəbər verir ki, ESPN-in insayderi Mark Spirsin məlumatına görə, "Qolden Steyt" uyğun təklif olacağı halda təcrübəli oyunçularından – Draymond Qrin və ya Cimmi Batlerdən ayrılmağa hazırdır. Spirs bildirib: "Qolden Steyt" transfer pəncərəsi bağlanana qədər aqressiv hərəkət edəcək. Onların bu addımlar üçün kifayət qədər resursu var. Komandanı uzun müddət təmsil edən bəzi oyunçuların ayrılması mümkündür. Böyük sürprizlər istisna deyil – Draymond və Cimmi də daxil olmaqla". Hər iki basketbolçu hazırda mövcud müqavilələrinin son ilini keçirir. 36 yaşlı Qrin bu mövsüm 27,7 milyon dollar, dizindən ağır zədədən bərpa olunan 37 yaşlı Batler isə 56,8 milyon dollar maaş alır.
