Polşada yenə erməni vətəndaşı siqaret qaçaqmalçılığına görə tutuldu – Dünən də iki erməni saxlanılmışdı


Polşada siqaret qaçaqmalçılığı ilə bağlı daha bir Ermənistan vətəndaşı saxlanılıb. Bu, son iki gündə Polşa mediasında erməni vətəndaşlarının iştirakı ilə yayılan ikinci böyük qaçaqmalçılıq xəbəridir. Əvvəlki hadisədə 11 milyon, sonuncu əməliyyatda isə 468 mindən çox qanunsuz siqaret aşkarlanıb.
Musavat.com xəbər verir ki, Polşanın TuLodz.pl nəşrinin noyabrın 18-də yaydığı məlumata əsasən, Lodz şəhəri yaxınlığında keçirilən polis əməliyyatı zamanı 42 yaşlı Ermənistan vətəndaşı saxlanılıb.
Polşa polisinin rəsmi açıqlamasına görə, əməliyyat noyabrın 14-də Lodzun şərq rayonlarından birində həyata keçirilib.
İqtisadi cinayətkarlıqla mübarizə əməkdaşları ərazidə qanunsuz tütün məmulatlarının saxlanılması və satılması barədə əvvəlcədən məlumat əldə ediblər.
Müşahidə zamanı polis əməkdaşları əraziyə daxil olan “Mazda” markalı avtomobili izləyiblər. Sürücünün zirzəmidən karton qutuları çıxararaq avtomobilə daşıması şübhə doğurub.
Polis müdaxilə etdikdə avtomobilin sükanı arxasında 42 yaşlı Ermənistan vətəndaşının olduğu müəyyənləşib. Maşında 32 yaşlı qadın sərnişin də olub.
Avtomobilin yük yerindən Polşa aksiz markası olmayan siqaretlərlə dolu dörd karton qutu aşkarlanıb. Əlavə axtarış zamanı binanın zirzəmisində də böyük miqdarda qanunsuz siqaret tapılıb.
Ümumilikdə 468 mindən çox siqaret müsadirə edilib.
İlkin hesablamalara görə, qanunsuz tütün dövriyyəsi nəticəsində Polşa dövlət büdcəsinə 815 min zlotıdan artıq vergi zərəri dəyə bilərdi.
Saxlanılan Ermənistan vətəndaşı siqaretlərin ona məxsus olduğunu etiraf edib.
Ona qarşı vergi cinayətləri ilə bağlı ittiham irəli sürülüb. Şübhəlini üç ilədək həbs və yüksək məbləğdə cərimə gözləyir.
Bundan əlavə, həmin şəxsin sürücülük hüququ ləğv edildiyi halda avtomobil idarə etdiyi müəyyənləşib. Bu əmələ görə də iki ilədək həbs cəzası nəzərdə tutulur.
Xatırladaq ki, Musavat.com bir gün əvvəl Polşada erməni vətəndaşlarının iştirakı ilə üzə çıxarılan daha böyük siqaret qaçaqmalçılığı hadisəsi barədə məlumat vermişdi.
Noyabrın 17-də Polşanın Mərkəzi Polis İstintaq Bürosu və Milli Vergi Administrasiyası Kielçe şəhərində keçirilmiş əməliyyatın nəticələrini açıqlamışdı.
Həmin əməliyyat zamanı təxminən 11 milyon ədəd aksizsiz siqaret aşkarlanaraq müsadirə olunmuşdu.
Qanunsuz siqaretlər yük avtomobilində və şəxsi mülkdə saxlanılırdı.
Əməliyyat nəticəsində iki Ermənistan vətəndaşı tutulmuşdu.
Polşa hüquq-mühafizə orqanlarının hesablamalarına görə, həmin hadisədə dövlət büdcəsinə dəyə biləcək vergi zərəri 14 milyon zlotını ötürdü.
Saxlanılanlardan biri barəsində üç aylıq həbs qətimkan tədbiri seçilmiş, digəri isə polis nəzarətinə verilmişdi. İkinci şəxsin ölkədən çıxışına qadağa qoyulmuş, pasportu alınmış və 10 min zlotı girov müəyyən edilmişdi.
Onları yeddi il altı ayadək həbs cəzası gözləyir.
İki əməliyyatda üç Ermənistan vətəndaşı
Beləliklə, Polşa hüquq-mühafizə orqanlarının noyabrın 17-18-də ictimaiyyətə açıqladığı iki ayrı əməliyyatda ümumilikdə üç Ermənistan vətəndaşının saxlanıldığı məlum olub.
Hər iki hadisədə birlikdə təxminən 11,5 milyon ədəd qanunsuz siqaret müsadirə edilib. Dövlət büdcəsinə dəyə biləcək vergi zərərinin ümumi məbləği isə 14,8 milyon zlotını keçir.
Hadisələrin eyni qaçaqmalçılıq şəbəkəsi ilə əlaqəli olub-olmadığı barədə hələlik rəsmi məlumat yoxdur.
Musavat.com
