Peruda Azərbaycanın ali təhsil imkanları və dövlət təqaüd proqramları təqdim edilib


Lima, 19 noyabr, AZƏRTAC
Azərbaycan Peru Respublikasının Konqresində keçirilən “Təqaüdlər və akademik imkanlar üzrə beynəlxalq sərgi”də təmsil olunub. Müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin və təhsil qurumlarının iştirak etdiyi tədbir beynəlxalq akademik əməkdaşlığın və tələbə mübadiləsinin təşviqinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə qurulan Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub. Burada ölkəmizin ali təhsil imkanları, nüfuzlu universitetləri, beynəlxalq tələbələr üçün yaradılmış şərait və dövlət təqaüd proqramları barədə ətraflı məlumat təqdim edilib. Xüsusilə Prezident İlham Əliyevin 2023-cü il 8 iyul tarixli Sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı diqqətə çatdırılıb. Azərbaycan universitetlərində təhsil almaq istəyən perulu gənclərin sualları cavablandırılıb, təqaüd proqramının imkanları, müraciət qaydaları və iştirak şərtləri izah olunub. Sərgi iştirakçılarına ölkəmizin təhsil sistemi, tarixi və mədəni irsi haqqında məlumatlandırıcı materiallar da paylanılıb.
Azərbaycanın sərgidə iştirakı ölkəmizin Peru ictimaiyyətində tanıdılması, iki ölkə arasında təhsil və humanitar əməkdaşlığın genişləndirilməsi, gənclər arasında akademik əlaqələrin və mədəni mübadilənin təşviqi baxımından əhəmiyyətli olub.
Sərginin açılışında Peru Senatının ikinci vitse-prezidenti Nilsa Çakon Truxillo, Konqresin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Maribel Giraldo, Konqresin İxtisaslaşmış Xidmətlər üzrə Baş İdarəsinin direktoru Nelli Qonzales Figerola, Ali Universitet Təhsilinin Milli Nəzarət Orqanının rəhbəri Visente Espinoza və Milli Təqaüd və Təhsil Kreditləri Proqramının icraçı direktoru Diana Karolina Qonzales Delqado çıxış ediblər. Çıxışlarda xarici ölkələrin təqaüd proqramlarının perulu gənclər üçün yaratdığı imkanlar, akademik mübadilə və təhsil sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
1 mənbə
