Paşinyandan müxalifətə ultimatum: Ya məni devirin, ya da sizi parlamentdən uzaqlaşdıracağam!


106 19.11.2026 00:50 Dünya A A
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə müxalifətə gözlənilməz siyasi təklif irəli sürüb. O, yeni Konstitusiya ilə bağlı referendumun nəticəsindən asılı olmayaraq hakimiyyətdən getməyə hazır olduğunu bildirib. Əvəzində müxalifətdən bu təklifi qəbul etməyi tələb edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, noyabrın 18-də Ermənistan parlamentində hökumət saatı zamanı Paşinyanla müxalif “Güclü Ermənistan” blokunun fraksiya rəhbəri Narek Karapetyan arasında sərt mübahisə yaşanıb.
Karapetyan Baş naziri Azərbaycanın tələbləri əsasında Konstitusiyanı dəyişdirməyə çalışmaqda ittiham edib.
O, Vaşinqtonda paraflanmış sülh sazişində Konstitusiyanın dəyişdirilməsinə dair müddəanın olmadığını söyləyib.
Paşinyan: “Hər iki halda gedirəm”
Baş nazir cavabında Konstitusiya məsələsinin referendum yolu ilə həllini təklif edib.
“Əgər xalq Konstitusiyanın dəyişdirilməsinə səs verməsə, mən gedirəm. Əgər yeni Konstitusiya qəbul olunsa, sülh sazişini imzalayırıq, ratifikasiya edirik, sülh gündəliyinin bir neçə bəndini – TRIPP layihəsini və sərhədin mürəkkəb hissələrinin delimitasiyasını həyata keçiririk, sonra mən gedirəm”, – deyə Paşinyan bildirib.
Baş nazir müxalifəti bu təklifi qəbul etməyə çağırıb.
“Məni uzaqlaşdırmasanız, mən sizi uzaqlaşdıracağam”
Paşinyan xəbərdarlıq edib ki, müxalifət onun təklifindən imtina edərsə, hakimiyyət növbədənkənar parlament seçkilərinə gedə bilər.
“Əgər imtina etsəniz, buldozeri işə salmaq lazım gələcək. Növbədənkənar seçkilərə gedəcəyik və nəticədə indiki müxalifət parlamentdə olmamalıdır. Əgər siz məni uzaqlaşdırmasanız, mən sizi uzaqlaşdıracağam”, – deyə Paşinyan vurğulayıb.
Musavat.com
Dərc vaxtına görə