Paşinyan müxalifətə ultimatum verib: “Ya müxalifət məni hakimiyyətdən uzaqlaşdıracaq, ya da mən müxalifəti”


Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki müxalifət qüvvələrinə əvvəlki təklifini təkrarlayaraq, onların qərar verməsini tələb edib.
Ordu.az xəbər verir ki, Paşinyan noyabrın 19-da hökumətin iclasından sonra keçirilən brifinqdə parlament müxalifətinə ünvanladığı təklifini bir daha səsləndirib.
“Əgər onlar məni hakimiyyətdən uzaqlaşdırmasalar, mən onları uzaqlaşdıracağam”, - deyə Paşinyan üstüörtülü şəkildə vəd edib.
Bunun konkret olaraq necə həyata keçiriləcəyi ilə bağlı sualı cavablandıran erməni baş nazir bildirib ki, müxalifət təklifi rədd edərsə, bu, onun sülh gündəliyinə mane olduğu anlamına gələcək, belə olan halda hakimiyyət növbədənkənar seçkilərə gedəcək.
Paşinyanın sözlərinə görə, hazırda parlamentdə təmsil olunan iki siyasi qüvvənin növbəti parlamentə düşməyəcəyini düşünmək üçün müəyyən əsaslar var.
Eyni zamanda o, “Hayastan” və “Güclü Ermənistan” fraksiyalarından birləşmiş Ermənistan ideyasını dəstəkləyib-dəstəkləmədikləri barədə suallara cavab vermələrini istəyib.
Paşinyan xalqa müraciətlə bağlı suala cavabında bildirib ki, müraciətin mətni hələ yazılmayıb və o, ən münasib vaxtda yayımlanacaq.
Baş nazir postundan getdikdən sonra siyasi karyerasını davam etdirib-etdirməyəcəyi barədə danışan Paşinyan bildirib ki, məntiqli variant “Vətəndaş Müqaviləsi” partiyasının sədri vəzifəsini baş nazirliyə namizədin tutmasıdır.
O, siyasətdən tamamilə gedəcəyi barədə konkret fikir bildirməyib, siyasətdən uzaqlaşmağın nə demək olduğu və müsahibənin siyasi fəaliyyət hesab edilib-edilməyəcəyi barədə fəlsəfi mülahizələr irəli sürüb.
Alpər Mövludoğlu Ordu.az