Papoyan: “Yaxşı məhsulları avropalılar üçün istehsal edib, qalanını öz bazarımıza gətirməli olduğumuzu kim deyib?”


Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkənin daxili bazarının artıq kifayət qədər alıcılıq qabiliyyətinə malik olduğunu və yerli istehlakçıların keyfiyyətli məhsullara yüksək tələblər irəli sürdüyünü bildirib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 17-də parlamentdə jurnalistlərə açıqlamasında deyib.
“Bəs kim deyib ki, biz avropalılar, ruslar, ərəblər və çinlilər üçün yaxşı məhsullar istehsal etməliyik, sonra da artıq qalanları Ermənistan bazarına gətirməliyik?”, - deyə nazir bildirib.
Papoyanın sözlərinə görə, Ermənistanın daxili bazarı artıq kifayət qədər alıcılıq qabiliyyətinə malikdir. O qeyd edib ki, ölkədə adambaşına düşən ümumi daxili məhsul 10 min dolları ötüb və Ermənistan bir sıra Avropa ölkələrinin iqtisadi göstəricilərinə yaxınlaşır.
Erməni nazir əlavə edib ki, Ermənistan bazarında əhalinin zövqü və məhsullara dair tələbləri kifayət qədər yüksəkdir.
“Ermənistan bazarı, ilk növbədə, artıq kifayət qədər alıcılıq qabiliyyətinə malikdir. Adambaşına düşən ümumi daxili məhsulumuz 10 min dollardan çoxdur və bir sıra Avropa ölkələrinin göstəricilərinə yaxınlaşır.
İkincisi, bazarımızda xalqımızın zövqü və istehsal etdiyimiz məhsullara dair tələbləri çox yüksəkdir. Avropada və ya Rusiyada satılmayan məhsulları Ermənistanda sata biləcəyimizi düşünmək düzgün deyil. Belə deyil. Xalqımız da öz tələblərini xeyli yüksəldib, dünyanın keyfiyyətli məhsullarını yaxşı tanıyır və bazarda yaxşı olan məhsulları alır”, - deyə Papoyan bildirib.
Erməni nazir qeyd edib ki, yaxın vaxtlarda məhsulların izlənilməsi və nəzarəti ilə bağlı elə mexanizmlər tətbiq olunacaq ki, ölkə bazarında hansı məhsulların satışına icazə verilməyəcəyini müəyyənləşdirmək mümkün olacaq.
Alpər Mövludoğlu Ordu.az