Çin PUA istehsalında istifadə olunan mühərriklər, avtopilotlar və radio modulları da daxil olmaqla, bəzi komponentlərin ixracına məhdudiyyət qoyub


Çin noyabrın 18-də Rusiyanın zərbə PUA-larının istehsalında istifadə olunan bir sıra komponentlərin ixracına yeni məhdudiyyətlər tətbiq edib.
Ordu.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin sanksiya siyasəti üzrə komissarı Vladislav Vlasyuk məlumat verib.
Məhdudiyyətlər, xüsusilə Rusiyanın reaktiv mühərrikli “Shahed” PUA-larında istifadə olunan mühərrikləri əhatə edir.
Xüsusi ixrac lisenziyası tələb olunan avadanlıqların siyahısına aşağıdakılar daxildir:
- İtələmə qüvvəsi 400 nyuton və daha çox olan reaktiv mühərriklər, eləcə də gücü 16 kVt-dan artıq olan digər PUA mühərrikləri, - Çıxış gücü 30 dBm və ya daha yüksək olan, yaxud 10-dan çox PUA-nı idarə etmək qabiliyyətinə malik radio modulları, - Yüksək güclü fırçasız elektrik mühərrikləri, - Elektrik mühərrikləri üçün elektron sürət tənzimləyiciləri.
Bununla yanaşı, Rusiyanın PUA istehsalında istifadə etdiyi Çin istehsalı bir sıra komponentlər yeni məhdudiyyətlərin əhatə dairəsindən kənarda qalıb. Bunlara “Geran-2” PUA-larında quraşdırılan Çin istehsalı elektron lövhələrə malik idarəolunan qəbuletmə antenaları, naviqasiya modulları, HARXON antenaları, stabilləşdirilmiş platformalarda quraşdırılan kameralar və “Geran-4” PUA-larında istifadə olunan servoötürücülər daxildir.
“İxrac nəzarəti Rusiyanın silah istehsalı üçün vacib olan komponentlərin yalnız bir hissəsini əhatə edir, lakin bu, başlanğıcdır. Biz bu komponentlər və onların Çin istehsalçıları barədə ətraflı məlumat təqdim etmişik və ixrac nəzarətinin ciddi şəkildə tətbiq olunacağını gözləyirik”, - deyə Vlasyuk bildirib.
Yeni qaydalar bu avadanlıqların ixracına tam qadağa qoymur. Bununla belə, Çin ixracatçılarından həmin məhsulları xaricə göndərməzdən əvvəl müvafiq ixrac lisenziyası əldə etmələri tələb olunur.
“Militarnyi” nəşri daha əvvəl Çinin ixrac nəzarətini sərtləşdirdiyini bildirmişdi.
Mühərriklər və rabitə sistemləri ilə yanaşı, yenilənmiş qaydalar avtopilotları, müəyyən kateqoriyalara aid PUA-ları, eləcə də onların hazırlanması və istehsalında istifadə olunan texnologiyaları da əhatə edir.
Müvafiq 49 saylı qərar 2026-cı il oktyabrın 19-da Çin Ticarət Nazirliyi, Baş Gömrük İdarəsi və Mərkəzi Hərbi Komissiyanın Avadanlıqların İnkişafı Departamenti tərəfindən qəbul edilib.
Sevinc Əliyeva Ordu.az