Pablo Eskobardan qalan begemotlarla bağlı sərt qərar


Kolumbiya hökuməti ölkədə nəzarətsiz çoxalan begemotların sayını azaltmaq üçün ilk dəfə kimyəvi evtanaziya tədbirlərinə başlayır. İlk mərhələdə dörd ay ərzində 10 heyvanın məhv edilməsi nəzərdə tutulur.
Plat.az MercoPress-ə istinadən xəbər verir ki, bu heyvanların ölkəyə gətirilməsi 1980-ci illərdə narkobaron Pablo Eskobarın şəxsi zooparkı ilə bağlıdır. Onun ölümündən sonra heyvanların bir hissəsi təbiətə buraxılıb və illər ərzində sürətlə çoxalıb. Hazırda Kolumbiyada təxminən 250 begemotun yaşadığı bildirilir. Mütəxəssislər onların yerli ekosistemə, suyun keyfiyyətinə və digər heyvan növlərinə mənfi təsir göstərdiyini hesab edirlər. Hökumətin planına sterilizasiya, heyvanların başqa ərazilərə köçürülməsi və xüsusi məkanlarda saxlanılması da daxildir. İlk mərhələnin büdcəsi təxminən 500 milyon Kolumbiya pesosu təşkil edir. Məsələ həm ekoloji təhlükəsizlik, həm də heyvanların qorunması baxımından ölkədə geniş müzakirələrə səbəb olub.
