Fransa və İsveç ilk birgə nüvə çəkindirmə təlimini keçirib


“Excalibur Sweden 2026” təlimində Fransa və İsveç qırıcıları nüvə çəkindirməsi sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində ilk dəfə birgə fəaliyyət göstərib.
Ordu.az xəbər verir ki, bu barədə “Militarnyi” nəşri İsveç Silahlı Qüvvələri və Fransanın Silahlı Qüvvələr Nazirliyinə istinadən məlumat yayıb.
Təlim noyabrın 16-dan 18-dək İsveçin şimalında keçirilib.
Fransanın Strateji Hava Qüvvələri Komandanlığının təyyarələri İsveçə göndərilib. Fransa kontingentinə nüvə başlığı daşıya bilən aviasiya raketləri ilə təchiz olunmaq imkanına malik “Rafale” qırıcıları və “A330 MRTT” yanacaqdolduran təyyarəsi daxil olub. Onlar İsveçin “Gripen” qırıcıları ilə birgə fəaliyyət göstəriblər.
“Excalibur Sweden 2026” Fransa və İsveçin ümumi strateji əməkdaşlıq yol xəritəsinə uyğun olaraq hazırladığı ikitərəfli nüvə çəkindirmə çərçivəsində keçirilən ilk təlim olub.
Təlim zamanı tərəflər Fransa və İsveç təyyarələri arasında əməkdaşlığı, o cümlədən qırıcıların birgə əməliyyatlarını və döyüş təyyarələrinə havada yanacaq doldurulması üzrə dəstəyi məşq ediblər.
Fransa tərəfi təlimin Strateji Hava Qüvvələri Komandanlığı ilə İsveç Hərbi Hava Qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarını yaxşılaşdırmaq məqsədi daşıdığını bildirib.
Fransanın Strateji Hava Qüvvələri Komandanlığı ölkənin nüvə çəkindirmə qüvvələrinin hava komponentidir. Bu komandanlıq, xüsusilə, nüvə başlığı daşıya bilən aviasiya raketlərindən istifadə etmək imkanına malik “Rafale” qırıcılarını idarə edir.
“Excalibur Sweden 2026” təlimində nüvə silahlarından istifadə edilməyib. İsveç və Fransa tərəfləri təlimin hər hansı konkret ölkəyə qarşı yönəlmədiyini də vurğulayıblar.
Sevinc Əliyeva Ordu.az
