Neft sənayesində bir ömrün izi

2 dəq oxu
Xəbər
19 noyabr 2026 19:16
42
Azad Mirzəcanzadə... Bu ad elmə həsr olunan ömrü, fitri istedadı və zəngin irsi ifadə edir. O şəxsiyyət ki, XX əsrin ən nüfuzlu alimlərindən biri kimi neft-mədən mexanikası sahəsinə yeni yanaşmalar gətirib, nəzəri bilikləri istehsalatla əlaqələndirib və böyük elmi məktəb yaradıb.
Alimin bioqrafiyasına nəzər saldıqda onun elmə və biliyə marağının hələ gənc yaşlarından formalaşdığını görürük. Cəmi 15 yaşında məktəbdə dərs deməyə başlaması bu baxımdan diqqətəlayiq faktdır. 29 yaşında elmlər doktoru elmi dərəcəsini alması, 40 yaşında Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi isə onun zəhmətini və dərin biliyini əks etdirir.
Azad Mirzəcanzadənin 78 illik ömrünün təxminən 50 ili neft sənayesi ilə bağlıdır. O, mürəkkəb geoloji şəraitə malik neft-qaz yataqlarının işlənməsi, quyuların qazılması, neftin çıxarılması və nəqli zamanı yaranan problemlərin həlli istiqamətində mühüm araşdırmalar aparıb. “Neft daşları” yatağının işlənməsinin səmərəli aparılması və hasilatın artırılmasında böyük xidmətlər göstərib. Akademikin irəli sürdüyü elmi ideyalardan dünyanın müxtəlif bölgələrində neft yataqlarının kəşfi və işlənməsi ilə bağlı tədqiqatlarda istifadə edilib.
Neft sənayesi daim yeni elmi yanaşmalar tələb edir. Azad Mirzəcanzadə mövcud problemləri yalnız nəzəri baxımdan araşdırmaqla kifayətlənməyib, onların praktik həlli yollarını da axtarıb. Həmçinin neft sənayesində yeni texnologiyalardan istifadə imkanlarını araşdırıb. Bu sahədə nanotexnologiyanın tətbiqi ideyasının müəllifi olması onun yenilikçi düşüncəsini göstərir. Beləliklə, görkəmli elm xadiminin tədqiqatları öz dövrünün problemlərinin həlli ilə yanaşı, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə də xidmət edir.
Alimin elmi irsinə 400-ə yaxın elmi əsər, 50-dən çox ixtira və patent, 100-ə yaxın monoqrafiya, dərslik və dərs vəsaiti daxildir. Amma Azad Mirzəcanzadənin fəaliyyətini yalnız elmi araşdırmalar və ixtiralarla məhdudlaşdırmaq olmaz. O, həm də tanınmış pedaqoq kimi elmi biliklərin gələcək nəsillərə ötürülməsinə, gənc tədqiqatçıların yetişdirilməsinə xüsusi əhəmiyyət verib. Rəhbərliyi altında 250-dən çox fəlsəfə doktoru və 100-dən çox elmlər doktoru hazırlanıb. Bu göstəricilər alimin pedaqoji fəaliyyətinin miqyasını və Azərbaycan elminin gələcək inkişafına verdiyi töhfəni aydın əks etdirir.
Hər kəsin bir peşəsi, bir həyat yolu var. Lakin hər kəs öz fəaliyyəti ilə başqalarına örnək ola bilmir. Azad Mirzəcanzadənin ən böyük uğurlarından biri elmi məktəb yaratmasıdır. Yetişdirdiyi alimlər, apardığı tədqiqatlar və formalaşdırdığı elmi ənənələr bu gün də Azərbaycan elminin inkişafına xidmət edir.
Azad müəllim pedaqoji fəaliyyətinə də alimlik qədər böyük məsuliyyətlə yanaşıb. “Müəllim o deyil ki, kimisə öyrədir. Müəllim odur ki, ondan öyrənirlər” fikrini əsas tutub, gənc nəsli gələcəyin təməl daşı adlandırıb. Gənclərə həmişə müstəqil düşünməyi, oxumağı, öyrənməyi aşılayıb. Elmi özünəməxsus tərzdə sadə üsulla izah edib. Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olduğu dövrdə yüzlərlə gənc tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsinə və layiqli elmi dərəcələrə yiyələnməsinə şərait yaradıb.
Mənbə
1 mənbə
jpg_1795100032.jpg)


