Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib


18:33 Sosial
Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib. Ölkə jurnalistlərinin bu il oktyabrın 16-da düzənlənmiş IX qurultayından sonra ilk dəfə təşkil olunan toplantı ümumi görüş və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə yönələn məşvərət xarakteri daşıyıb.
Tədbiri girişi sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu bildirib ki, müasir media çağırışlarının ayrı-ayrı cəmiyyətlərə hakim kəsildiyi hazırkı dövrdə ənənələrə sadiqlik ruhunun yaşadılması son dərəcə vacibdir. Şura sədri Ahıl Jurnalistlər Məclisinin bu baxımdan mühüm mənəvi rol oynadığını, qurumun fəaliyyətinin gücləndirilməsinə ehtiyacın duyulduğunu deyib.
Ahıl Jurnalistlər Məclisinin fəallıq göstəricilərinin Mətbuat Şurasının ümumi iş intensivliyinə təsirini əsaslandıran V.Zifəroğlu eyni zamanda bildirib ki, ömrünü-gününü sevimli peşəsinə həsr etmiş qələm sahiblərinin zəngin təcrübələrini bölüşmələri gənc jurnalist nəslinin püxtələşməsinə ciddi dəstəkdir. O, məclisin həm belə bir dəstəyin sistemləşdirilməsinə töhfə verəcəyinə, həm də ümumən nəsillər arasında etibarlı körpü funksiyası daşıyacağına əminliyini ifadə edib.
MŞ İdarə Heyətinin üzvü, Ahıl Jurnalistlər Məclisinin sədri Əminə Yusifqızı çıxışında iştirakçılara rəhbəri olduğu qurumun 2026-2030-cu illər üçün fəaliyyət planının bəzi detalları barədə məlumat verib. O bildirib ki, gənc və ahıl jurnalist tandeminin yaradılması və bu ideya baxımından tərcübə mübadiləsi məqsədi daşıyan görüşlərin təşkili qarşıdakı mühüm vəzifələrdəndir. Ə.Yusifqızı həmçinin qədirbilənlik və ehtiram ənənələrinin yaşadılmasının müstəsna əhəmiyyətindən söz açıb, məclisin fəaliyyət planında buna dair tədbirlərin gerçəkləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb, habelə toplantı iştirakçılarını mövcud istiqamətdə həmrəylik nümayişinə çağırıb.
Tədbirdə çıxış edənlərdən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, ustad Şirməmməd Hüseynov irsinin davamçısı, veteran jurnalist Ülkər Hüseynova, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Xalq qəzeti" baş redaktorunun birinci müavini Hümbət Musayev, "Yeni təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimova, əməkdar jurnalistlər - Əntiqə Qonaq, İttifaq Mirzəbəyli, Şəlalə Həsənova və Zemfira Məhərrəmli, əməkdar mədəniyyət işçiləri - Müsəllim Həsənov, Məhəbbət Mehdiyeva, Zöhrə Əliyeva və Sədaqət Kərimova, "Tərəqqi" medallı jurnalistlər Şərif Kərimli və Zərifə Bəşirqızı, "Respublika Xatirə Kitabı" redaksiyasının və "Yada düşdü" jurnalının baş redaktoru Nəzakət Məmmədova, poliqrafçı alim Şəddat Cəfərov, veteran jurnalistlər Adil İrşadoğlu, Sədaqət Əhmədova-Kərimova və Ayətxan Ziyadov Ahıl Jurnalistlər Məclisinin daşıdığı qədirbilənlik missiyasının zəruriliyindən söz açaraq, məclisin Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistlərinin IX qurultayından sonrakı fəaliyyət dinamikasına uyğun işlər reallaşdıracağına inandıqlarını bildirib, müvafiq təkliflər səsləndiriblər. Təkliflər qruplaşdırılıb və onların fəaliyyət planına daxil edilməsi qərara alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Dərc vaxtına görə
