Makron özünü hələ də uşaq hesab edir


Ajans.az xəbər verir ki, bu barədə Fransa liderinin şəxsi həyatına və xarakterinin formalaşmasına həsr olunmuş yeni bioqrafik kitabda məlumat verilib.
Kitabın müəllifi, siyasi jurnalist Ketrin Ney Makronun özü, həyat yoldaşı və uşaqlıq dostları ilə söhbətləşərək onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynayan qadınlarla münasibətlərini araşdırıb.
48 yaşlı Makron uşaqlıq və yeniyetməlik dövrünün güclü qadınların, xüsusilə nənəsinin və özündən 24 yaş böyük həyat yoldaşı Brigittinin təsiri altında keçdiyini bildirib.
“Mən hələ də uşaqam. Heç vaxt yeniyetmə həyatı yaşamamışam. Yeniyetmələri sevmirəm, onları başa düşmürəm. Amma həyat yoldaşım başa düşür”, – deyə Makron “The Times” qəzetinə müsahibəsində bildirib.
Bioqrafiyada siyasətçinin nənəsi, keçmiş məktəb direktoru Manetə xüsusi yer ayrılıb. Müəllifin sözlərinə görə, nənəsi Emmanuelli özünün “şah əsəri” kimi böyütməyə çalışıb, onun həyatına və təhsilinə ciddi nəzarət edib.
Belə ki, Manet nəvəsinin vaxtının böyük hissəsini dərslərinə ayırmasını istəyib və onun yaşıdları ilə ünsiyyətinə məhdudiyyət qoyub. Makron 14 yaşında bir qızla görüşməyə başlayanda nənəsi buna sərt reaksiya verib. Bioqrafın iddiasına görə, o, yalnız “Artıq qızlara baxmayacağam” vədindən sonra nənəsinin rəğbətini yenidən qazana bilib.
Brigitte Makron da ərinin nənəsinə bağlılığının hələ də davam etdiyini düşünür.
“Emmanuel hələ də nənəsini dəfn etməyib. O, hətta onun əvəzini də tapmayıb. Psixoanalizdən keçməlidir”, – deyə Fransanın birinci xanımı kitabın müəllifinə bildirib.
Kitabda Makronla Brigitte arasında münasibətlərin başlanğıcına da toxunulub. Onlar tanış olanda Emmanuelin 15, Brigittenin isə 39 yaşı olub. Həmin vaxt Brigitte evli idi və üç uşaq böyüdürdü. Müəllifin sözlərinə görə, münasibətlərdə təşəbbüsü gənc Emmanuel göstərib.
Brigitte bu münasibəti “böyüklərin cazibəsi” kimi xarakterizə edib. Bioqrafın yazdığına görə, Makron onunla daha çox vaxt keçirmək üçün birlikdə pyes yazmağı təklif edib.
Brigitte bir dəfə Emmanueldən gələcəkdə öz uşaqlarının olmasını istəyib-istəmədiyini soruşduğunu da xatırladıb. Makronun cavabı isə belə olub: “Xeyr, istəyirəm ki, yalnız mənə baxasan”.
Bioqrafiyada Makron yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkən, istedadlı, lakin qapalı insan kimi təsvir edilir. Müəllif onun tənqidi qəbul etməkdə və öz səhvlərini etiraf etməkdə çətinlik çəkdiyini iddia edir.
Ketrin Neyin fikrincə, bu xüsusiyyətlər prezidentlik dövründə də özünü göstərib. O, Makronun 2024-cü ildə növbədənkənar parlament seçkiləri keçirmək qərarını buna nümunə göstərib. Həmin seçkilərdən sonra prezidentin siyasi düşərgəsi parlamentdə çoxluğu itirib və ölkədə uzunmüddətli siyasi böhran yaranıb.
“Daxili təhlil onun düşüncə tərzinin bir hissəsi deyil. Hətta üzr istəsə belə, sonradan yenidən məsələyə qayıdaraq niyə haqlı olduğunu izah edir”, – deyə bioqraf France Inter radiosuna müsahibəsində bildirib.
Qeyd edək ki, kitabda Makronun şəxsi xüsusiyyətləri ilə yanaşı, onun siyasi qərarları da təhlil olunur. Müəllif prezidentin özünəinamının zamanla öz səhvsizliyinə inama çevrildiyini irəli sürür.
