Araşdırma: İşçilər artıq yüksək maaşdan daha çox iş-həyat balansına üstünlük verirlər


Bugun.tv xəbər verir ki, dünyada çalışan insanların iş seçimləri ilə bağlı üstünlükləri dəyişir. Beynəlxalq araşdırmaya əsasən, işçilər üçün yeni iş axtararkən yüksək maaşdan daha çox şəxsi həyatla iş arasında balans, çevik iş saatları və məsafədən işləmək imkanları əhəmiyyət kəsb etməyə başlayıb.
“The Guardian” nəşrinin məlumatına görə, beynəlxalq işə qəbul şirkəti Adecco tərəfindən 40 mindən çox əməkdaş arasında keçirilən sorğuda bu tendensiya üzə çıxıb. Şirkətin yeddi ildir hazırladığı “World of Work” hesabatında ilk dəfə olaraq əməkhaqqı iş yerini dəyişmək istəyənlərin əsas səbəbləri sırasında əvvəlki mövqeyini itirib.
Adecco şirkətinin baş icraçı direktoru Denis Maşuel bildirib ki, işçilərin ofisə həftənin beş günü gəlməsini tələb edən şirkətlər yeni əməkdaşların cəlb edilməsində çətinliklərlə üzləşirlər.
Araşdırmada süni intellektin əmək bazarına təsiri də diqqət çəkib. Sorğuda iştirak edənlərin 74 faizi iş prosesində süni intellekt köməkçilərindən istifadə etdiyini bildirib. Süni intellektin iş proseslərinə uğurla inteqrasiya edildiyi müəssisələrdə əməkdaşlar gündəlik vaxtlarına 20 faiz daha çox qənaət etdiklərini qeyd ediblər.
Nəticələr göstərir ki, müasir əmək bazarında iş şəraiti, çeviklik və şəxsi həyata ayrılan vaxt iş seçimində getdikcə daha mühüm rol oynayır.
1 mənbə