İqlim dəyişikliyi kaktusları da məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur - Alimlərdən xəbərdarlıq


Qlobal istiləşmə və şiddətli quraqlıqlar əsrlər boyu susuzluğa davamlılığı ilə seçilən kaktusların da yaşayış mühitini daraldır. Araşdırmaya görə, tədqiq edilən minə yaxın kaktus növünün dörddə birindən çoxu əsrin sonunadək uyğun yaşayış ərazilərinin ən azı 80 faizini itirə bilər.
HİT.az xəbər verir ki, bu nəticəyə Arizona Universiteti və Cənubi Florida Universitetinin alimləri gəlib. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.
Kaktuslar quraq iqlimə uyğunlaşmış bitkilər hesab edilsə də, tədqiqatçılar hesab edirlər ki, uzunmüddətli və daha intensiv quraqlıqlar onların təbii dözümlülük imkanlarını üstələyə bilər.
Alimlər riskləri qiymətləndirmək üçün bitkilərin yayıldığı ərazilərlə bağlı təxminən 650 min məlumatı təhlil edib və onları qarşıdakı onilliklər üçün iqlim ssenariləri ilə müqayisə ediblər. Əvvəlki modellərdən fərqli olaraq, yeni araşdırmada yalnız orta temperatur və yağıntı göstəriciləri deyil, ekstremal quraqlıqlar da nəzərə alınıb. Tədqiqatçılar bildirirlər ki, növlərin 91 faizi üzrə məhz bu amilləri əhatə edən modellər yaşayış mühitində mümkün dəyişiklikləri daha dəqiq göstərib.
Hesablamalara əsasən, istixana qazı emissiyalarının səviyyəsindən asılı olaraq, kaktus növlərinin 25-35 faizi uyğun iqlim şəraitinə malik ərazilərinin 80 faizindən çoxunu itirə bilər.
Ən ciddi itkilərin Çili, Peru və Braziliyanın şimal-şərqindəki kimi kaktus müxtəlifliyinin yüksək olduğu bölgələrdə qeydə alınacağı gözlənilir. Bəzi ərazilərdə mövcud növ müxtəlifliyinin dörddə birindən çoxu təhlükə altına düşə bilər.
Bununla belə, alimlər vurğulayırlar ki, söhbət bitkilərin birbaşa məhv olmasından deyil, onların yaşaması üçün əlverişli iqlim şəraitinin itirilməsindən gedir. Model ayrı-ayrı növlərin həqiqətən nə qədərinin məhv olacağını, yeni şəraitə uyğunlaşıb-uyğunlaşmayacağını və ya başqa ərazilərə yayıla biləcəyini müəyyən etmir.
Tədqiqat müəllifləri kaktusların üzləşdiyi təhlükənin təkcə iqlim dəyişikliyi ilə məhdudlaşmadığını da qeyd edirlər. Bir çox növ hazırda yaşayış mühitinin dağıdılması və qanunsuz toplanma səbəbindən də risk altındadır.
Alimlərin fikrincə, ekstremal quraqlıqların nəzərə alınması gələcəkdə digər bitki qruplarının taleyini proqnozlaşdırmaq üçün də mühüm əhəmiyyət daşıyır.
Samir
1 mənbə
