Vaşinqtonda “çirkli bomba” təhlükəsi: İran Trampın komandasını hədəfə alır?


19.11.2026 - 14:10
ABŞ və İran arasında münasibətlərin gərginləşməsi fonunda qarşıdurmanın coğrafiyasının genişlənməsi və yeni təhlükəsizlik risklərinin meydana çıxması ehtimalları diqqət mərkəzinə gəlib. Vaşinqton və Tehran arasında qarşılıqlı ittihamların artdığı bir vaxtda ABŞ paytaxtında mümkün terror təhdidləri ilə bağlı yayılan məlumatlar məsələnin daha ciddi müstəviyə keçdiyini göstərir. Xüsusilə radioaktiv və kimyəvi maddələrdən istifadə ehtimalının gündəmə gətirilməsi bu cür ssenarilərin regional təhlükəsizliyə, eləcə də beynəlxalq münasibətlər sisteminə mümkün təsirləri ilə bağlı suallar doğurur. Belə bir şəraitdə əsas məsələ yayılan iddiaların nə dərəcədə əsaslı olması ilə yanaşı, onların ABŞ-ın İrana münasibətdə təhlükəsizlik və hərbi siyasətinə necə təsir göstərə biləcəyidir.
Politoloq Züriyə Qarayeva Editor.az-a açıqlamasında bildirib ki, ABŞ kəşfiyyatına istinadən yayılan məlumatlar Vaşinqtonla Tehran arasında qarşıdurmanın artıq yalnız regional müstəvidə deyil, ABŞ-ın daxili təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurduğunu göstərir:
“Bununla belə, söhbət hələlik təsdiqlənmiş hücum planından deyil, mümkün təhlükə ssenarilərindən gedir. İddialarda Donald Tramp administrasiyasının konkret olaraq hansı yüksəkvəzifəli nümayəndələrinin hədəf seçildiyi açıqlanmadığından, müəyyən adlar çəkmək doğru olmaz.
“Çirkli bomba” isə nüvə silahından fərqli olaraq nüvə partlayışı yaratmır. Bu silah adi partlayıcı vasitəsilə radioaktiv maddələrin ətrafa yayılmasına hesablanıb. Onun əsas təhlükəsi radioaktiv çirklənmə, əhalinin sağlamlığına mümkün təsirlər, kütləvi təşviş və ciddi iqtisadi itkilərlə bağlıdır. Kimyəvi silah isə zəhərli maddələrin insan orqanizminə təsirinə əsaslanır. Belə vasitələrin ABŞ paytaxtında istifadəsi ehtimalının gündəmə gətirilməsi belə təhlükəsizlik strukturlarının fəaliyyətinin gücləndirilməsinə və İranla bağlı təhdidlərin daha sərt qiymətləndirilməsinə səbəb ola bilər.
Əgər İranın dövlət strukturlarının ABŞ ərazisində belə bir hücum təşkil etdiyi sübuta yetirilərsə, bu, Vaşinqtonun Tehrana münasibətdə hərbi strategiyasını köklü şəkildə dəyişə bilər. İlk növbədə, ABŞ-ın diqqəti yalnız İranın nüvə proqramının məhdudlaşdırılmasına və regional hərbi imkanlarının zəiflədilməsinə deyil, birbaşa Amerika ərazisinə yönəlmiş təhlükələrin qarşısının alınmasına istiqamətlənə bilər. Bu halda İranın hərbi infrastrukturu, kəşfiyyat şəbəkələri və hücumun təşkilində iştirak etdiyi sübuta yetirilən strukturlar mümkün cavab tədbirlərinin hədəfinə çevrilə bilər.
Digər tərəfdən, belə bir hadisə Tramp administrasiyasının daha sərt sanksiyalar tətbiq etməsi, regional müttəfiqlərlə hərbi koordinasiyanı genişləndirməsi və birbaşa hərbi əməliyyat variantlarını nəzərdən keçirməsi üçün ciddi əsas yarada bilər. Lakin burada mühüm məqam ondan ibarətdir ki, ABŞ-ın cavabının miqyası hücumun xarakterindən, nəticələrindən və İran rəhbərliyi ilə əlaqəsinin nə dərəcədə sübuta yetirilməsindən asılı olacaq.
Hesab edirəm ki, Tehran üçün ən böyük risk mümkün hücumun ABŞ-ın İrana qarşı daha geniş hərbi əməliyyatlarına siyasi və təhlükəsizlik baxımından əsas yaratmasıdır. Belə bir ssenari yalnız iki ölkə arasında deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik böhranını daha da dərinləşdirə bilər”.
//Gülnarə Abasova, Editor.az
1 mənbə