Mütəxəssislər mamontların və qılıncdişli pələnglərin “dirildilməsi” imkanlarını qiymətləndiriblər


Qədim DNT-nin zamanla parçalanması və bütöv bir populyasiyanın genetik müxtəlifliyini yenidən yaratmağın mümkünsüzlüyü yunlu mamontlar və qılıncdişli pələnglər kimi qədim heyvan növlərinin “dirildilməsinə” mane olur. Bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin iştirakı ilə nəşr olunan “Elm ilk əldən” jurnalında dərc edilmiş məqalədə məlumat verilir.
“Gen mühəndisliyi növlərin nəslinin kəsilməsi prosesini əsl mənada geri qaytarmaq iqtidarında deyil. Çünki bioloji növün yox olması bütöv bir təkamül qolunun kəsilməsi deməkdir. Hər bir növ minilliklər ərzində mutasiyaların, ətraf mühitlə qarşılıqlı təsirin və təbii seçmənin təsiri altında formalaşan fasiləsiz populyasiya tarixinin daşıyıcısıdır. Hətta ən dəqiq şəkildə bərpa edilmiş genom belə (qədim DNT zaman keçdikcə ciddi şəkildə parçalanır) cəmi bir, ən yaxşı halda isə bir neçə fərdin genetik xüsusiyyətlərini əks etdirən “anlıq görüntü”dür. Bu isə bütöv bir populyasiyanın genetik müxtəlifliyini və demoqrafik tarixini yenidən yaratmaq üçün kifayət deyil”, – deyə nəşrdə bildirilir.
Qeyd olunur ki, nəsli kəsilmiş növlərin “dirildilməsi” qarşısında duran digər maneə onların əvvəlki yaşayış mühitinin – mövcud olduqları qədim ekosistemin artıq yox olmasıdır. Nəşr vurğulayır ki, hətta alimlər nəsli kəsilmiş heyvanın dəqiq surətini yaratmağa nail olsalar belə, həmin heyvan müasir dünyada yaşayacaq. Halbuki burada iqlim şəraiti, qida mənbələri, rəqib növlər və xəstəlik törədiciləri Pleystosen dövrünün sonlarında Şimali Amerikada mövcud olan şəraitdən ciddi şəkildə fərqlənə bilər.
“Belə şəraitdə heyvan yeni ekosistemdə yalnız müəyyən funksiyaları yerinə yetirən canlı əvəzediciyə çevrilə bilər”, – deyə məqalədə qeyd olunur.
Bildirilir ki, “nəsli kəsilmiş növlərin geri qaytarılması” anlayışı müxtəlif üsulları əhatə edir. Onlardan biri selektiv geriyə çarpazlaşdırmadır. Bu üsul vasitəsilə seçmə yolu ilə müasir növlərin nəsillərində əcdadlara xas olan bəzi əlamətləri yenidən üzə çıxarmaq mümkündür. Lakin bu yolla əldə edilən heyvanlar mənşə etibarilə yenə də müasir populyasiyanın bir hissəsi olaraq qalır.
Alimlər, həmçinin dəhşətli canavarların yaradılması nümunəsində olduğu kimi, genomun redaktəsi üsulundan da istifadə edirlər. Bu texnologiya müasir növlərə nəsli kəsilmiş heyvanların ayrı-ayrı xüsusiyyətlərini qazandırır, lakin onların həqiqi mənşəyini və təkamül tarixini dəyişdirmir.
“Yalnız sağ qalmış hüceyrələrdən klonlaşdırma və ya yaxın keçmişdə nəsli kəsilmiş heyvanların dondurulmuş embrionlarından istifadə yox olmuş populyasiya ilə birbaşa bioloji və nəsil əlaqəsini həqiqətən qoruyub saxlaya bilər”, – deyə jurnalda vurğulanır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
