Enerji böhranı 2035-ci ilədək dünya üzrə neft tələbatını 4,4 milyon barel azalda bilər


Yaxın Şərqdə davam edən münaqişə və enerji təchizatında yaranan problemlər dünya ölkələrini neftdən asılılığı azaltmaq üçün alternativ enerji mənbələrinə yönəldə bilər. Bu dəyişikliklər uzunmüddətli perspektivdə qlobal neft tələbatına ciddi təsir göstərə bilər.
Plat.az-ın Reuters-ə istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) yeni hesabatında hökumətlərin enerji təhlükəsizliyini gücləndirmək məqsədilə elektrikləşməni sürətləndirməsi, enerji səmərəliliyini artırması və alternativ yanacaqlara keçidi genişləndirməsi ssenarisi qiymətləndirilib. Bu ssenariyə əsasən, 2035-ci ildə dünya üzrə neft tələbatı hazırkı siyasətlərin davam etdiyi variantla müqayisədə gündəlik 4,4 milyon barel aşağı ola bilər. Elektrikli avtomobillərin geniş yayılması nəticəsində həmin dövrədək gündəlik neft tələbatının 11 milyon bareldən çox azalacağı gözlənilir. Agentliyin hesablamalarına görə, bu ssenaridə qlobal neft istehlakı 2035-ci ildə gündəlik 97 milyon, 2050-ci ildə isə 85 milyon barel səviyyəsinə enə bilər. Elektrik şəbəkələrinin zəifliyi, enerji infrastrukturuna investisiyaların yetərsizliyi və avtomobillərin enerji doldurma məntəqələrinin çatışmazlığı isə keçid prosesini ləngidə biləcək amillər sırasındadır. BEA hesab edir ki, Yaxın Şərqdəki böhranın davametmə müddəti ölkələrin enerji strategiyalarına və gələcək neft tələbatına təsir edəcək.
1 mənbə