Tayvan Rusiyanın “Tu-95” bombardmançılarını ələ keçirmək üçün F-16 qırıcılarını havaya qaldırıb


Tayvan administrasiyasının silahlı qüvvələri noyabrın 19-da adanın Hava Hücumundan Müdafiə Tanınma Zonasına daxil olan iki Rusiya “Tu-95” strateji bombardmançı təyyarəsini müşayiət etmək üçün F-16 qırıcılarını havaya qaldırıb.
Ordu.az xəbər verir ki, bu barədə Tayvan Silahlı Qüvvələrinin Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, bombardmançılar Tayvana cənub istiqamətindən yaxınlaşıb, adanın şərqindəki sular üzərindən uçub və daha sonra şimal-şərqdə yerləşən Kılunq şəhəri yaxınlığında hava hücumundan müdafiə tanınma zonasını tərk ediblər.
Tayvan administrasiyasının qüvvələri Rusiya bombardmançılarını müşayiət etmək üçün F-16 qırıcılarını havaya qaldırıb.
Bu, bir həftə ərzində Tayvan administrasiyasının Rusiya hərbi təyyarələrinin ada yaxınlığında fəaliyyət göstərməsi barədə ikinci məlumatıdır.
Noyabrın 17-də iki Rusiya hərbi təyyarəsi də şimal-şərq istiqamətindən Tayvanın Hava Hücumundan Müdafiə Tanınma Zonasına daxil olub. Təyyarələr adanın şərq sahili boyunca uçduqdan sonra cənub-şərq istiqamətində zonanı tərk ediblər.
Bundan əvvəl həmin təyyarələrin Yaponiya hava məkanını pozduğu bildirilmişdi. Noyabrın 17-də Yaponiya Müdafiə Nazirliyi ilk təyyarənin yerli vaxtla saat 04:07 radələrində Yaponiya hava məkanına daxil olduğunu və saat 04:10-da oranı tərk etdiyini açıqlayıb.
İkinci təyyarə saat 04:09-da Yaponiya hava məkanına daxil olub və saat 04:12-də oranı tərk edib. Hər iki hadisə Okinosima adasının şimal-qərbində, ərazi suları üzərində qeydə alınıb.
Daha sonra təyyarələr Tsusima boğazından keçərək Yaponiyanın Yonaguni adası ilə Tayvan arasında yerləşən ərazidən Sakit okean istiqamətində uçublar.
Uçuş hərbi təlimin bir hissəsi olub. Missiyadan sonra “Tu-95MS” bombardmançıları Vyetnamın mərkəzində yerləşən Dananq Beynəlxalq Hava Limanına eniblər.
Təyyarələr quyruq nömrələrinə görə RF-94202 və RF-94188 kimi müəyyən edilib. Onlarla birlikdə hava limanına iki “İl-76MD” hərbi nəqliyyat təyyarəsi də gəlib.
Onların Vyetnamda olması noyabrın 17-nə aid peyk görüntüləri ilə təsdiqlənib.
Sevinc Əliyeva Ordu.az
