KİV: Paşinyan sülhü siyasi təzyiq vasitəsinə çevirir, hakimiyyət növbədənkənar seçkilərlə müxalifəti geri çəkilməyə məcbur etmək istəyir


“Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə yeni Konstitusiya ətrafında gedən siyasi mübarizəni daha da kəskinləşdirərək növbədənkənar parlament seçkiləri ehtimalını gündəmə gətirib”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşr bildirir ki, Paşinyan Konstitusiya referendumunun qarşısının alınacağı təqdirdə sülh prosesinin davam etdirilməsini təmin etmək məqsədilə növbədənkənar seçkilərə getməyə hazır olduğunu bəyan edib.
“O, özünün baş nazir vəzifəsində gələcək fəaliyyətini də referendumun nəticəsi ilə əlaqələndirib və sülh müqaviləsi imzalandıqdan, onun icrası istiqamətində əsas addımlar atıldıqdan sonra vəzifəsindən gedəcəyinə söz verib.
Paşinyanın bəyanatı ilə Konstitusiya prosesi kəskin siyasi qarşıdurma mərhələsinə daxil olur. Hakimiyyətin parlamentdə referendumun təşəbbüsü üçün zəruri olan 70 səsi yoxdur, müxalifət isə layihəyə dəstək vermək imkanını qətiyyətlə rədd edir.
Beləliklə, Konstitusiya prosesinin taleyi birbaşa parlamentdəki siyasi qüvvələrin nisbəti və növbədənkənar seçkilərin keçirilməsi perspektivi ilə əlaqələndirilir”, - deyə nəşr qeyd edib.
Məqalədə vurğulanır ki, müxalifətin mövqeyi ciddi siyasi məsuliyyət məsələlərini də gündəmə gətirir.
“Müxalifət qüvvələriyeni Konstitusiyanın qəbul etdirilməsinin qarşısını almaq, Azərbaycanla birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülhə nail olmaq məqsədi daşıdıqlarını bildirirlər.
Lakin bu siyasi xəttin həyata keçirilməsi üçün hələ də konkret plan təqdim edilməyib. İctimaiyyət sülh müqaviləsinin hansı şərtlərlə imzalanmasının mümkün olduğu, mövcud danışıqlar prosesinə hansı alternativin təklif edildiyi, bu prosesin uğursuzluğunun hansı siyasi, iqtisadi və təhlükəsizlik nəticələrinə səbəb ola biləcəyi ilə bağlı konkret cavablar tələb etmək hüququna malikdir”, - deyə nəşr yazıb.
Müəllif bildirir ki, Ermənistanın son onilliklərdəki təcrübəsi bu suallara xüsusi əhəmiyyət qazandırır. Nəşrin yazdığına görə, iyirmi ildən artıq müddətdə siyasi və ekspert dairələrinin əhəmiyyətli hissəsi Qarabağ ətrafındakı ərazilərin qaytarılmasının Azərbaycanın hərbi mövqelərini gücləndirəcəyini və yeni müharibə təhlükəsi yaradacağını iddia edib.
“Ərazilər qaytarılmadı, lakin müharibədən yayınmaq da mümkün olmadı. 2020-ci il müharibəsi Ermənistanın təhlükəsizlik sisteminin acizliyini, Rusiya ilə strateji münasibətlərin və beynəlxalq diplomatik səylərin səmərəsizliyini nümayiş etdirdi. Onilliklər ərzində təhlükəsizlik zəmanəti hesab edilən status-kvo nəhayət dağıldı və Ermənistan üçün ağır nəticələrə səbəb oldu”, - deyə məqalədə bildirilib.
Müəllif yazıb ki, Azərbaycanla münasibətlərdə qarşılıqlı etimad hələ də kövrəkdir və sülh müqaviləsinin imzalanması bütün fikir ayrılıqlarını aradan qaldırmayacaq.
“Lakin Konstitusiya dəyişikliklərindən imtinanın nəticələri də qiymətləndirilməlidir. Danışıqların uzadılması təhlükəsizlik sahəsində qeyri-müəyyənliyi dərinləşdirə, sərhədlərin delimitasiyası prosesinə mane ola və regional kommunikasiyaların bərpasını təxirə sala bilər. Bu isə Ermənistan üçün yeni siyasi və iqtisadi risklər yaradacaq”, - deyə məqalədə qeyd olunub.
Nəşr yazır ki, Vaşinqtonda paraflanmış sülh müqaviləsi Ermənistan və Azərbaycan münasibətlərinin normallaşdırılması üçün mühüm əsas yaradıb. Növbəti həlledici addım sənədin imzalanması və praktiki icrasıdır.
“Bu proses sərhədlərin qarşılıqlı tanınmasını, güc tətbiqinin istisna edilməsini və üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün təminatların yaradılmasını əhatə etməlidir. Ermənistanın hazırkı strateji prioriteti faktiki olaraq sülhün hüquqi baxımdan rəsmiləşdirilməsi və onun dönməzliyini təmin edəcək siyasi və təhlükəsizlik əsaslarının yaradılmasıdır”, - deyə nəşr bildirib.
Məqalənin sonunda vurğulanır ki, Paşinyanın növbədənkənar seçkilərlə bağlı bəyanatı Konstitusiya mübahisəsini yeni siyasi qarşıdurma müstəvisinə keçirir.
“Hakimiyyət Konstitusiya prosedurlarına riayət etməli və sülhün təmin olunması ilə bağlı planını ictimaiyyətə təqdim etməlidir. Müxalifət isə öz növbəsində təklif etdiyi alternativi əsaslandırmalı, onun Ermənistanın təhlükəsizliyi və xarici siyasəti üçün mümkün nəticələrini açıqlamalıdır.
Bu gün Ermənistanın qarşısında duran qərarlar ölkənin gələcəyini onilliklər ərzində müəyyən edə bilər. İctimaiyyət hər bir siyasi xəttin mümkün bədəlini, yeni hərbi təhlükələrdən tutmuş iqtisadi itkilərə və beynəlxalq mövqelərin zəifləməsinə qədər bilməlidir.
Sülhün təmin edilməsi və dövlətin möhkəmləndirilməsi realist siyasət, aydın məsuliyyət və qərarların nəticələrinin dürüst şəkildə təqdim olunmasını tələb edir”, - deyə “1in.am” nəşri bildirib.
Alpər Mövludoğlu Ordu.az