Kimyəvi maddələrin yaratdığı təhlükənin illik qiyməti 1,1 trilyon dolları keçir – XƏBƏRDARLIQ


XƏBƏRLƏR SON DƏQİQƏ
18 noyabr 2026 14:20 296 baxış
Gündəlik istifadə etdiyimiz plastik qablar, kosmetik vasitələr, oyuncaqlar və məişət əşyaları insan sağlamlığı və ətraf mühit üçün ciddi risklər yarada bilən kimyəvi maddələr ehtiva edə bilər.
Ekologiya.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında hormon sisteminə təsir göstərən kimyəvi maddələrin yaratdığı təhlükələrə diqqət çəkilib.
Hesabatda qeyd olunur ki, bu maddələr insan orqanizminin hormonal fəaliyyətinə müdaxilə edə, inkişaf, reproduktiv sağlamlıq, maddələr mübadiləsi və sinir sisteminə mənfi təsir göstərə bilər. Xüsusilə hamilə qadınlar, körpələr və uşaqlar bu təsirlərə qarşı daha həssas hesab olunur.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqamlardan biri də insanların həmin maddələrlə gündəlik təmasda olmasıdır. Belə ki, kimyəvi birləşmələr qida qablaşdırmalarında, plastik məhsullarda, kosmetik vasitələrdə, oyuncaqlarda, geyimlərdə və müxtəlif məişət əşyalarında aşkar edilir. Onlar insan orqanizminə qida, su, hava və dəri vasitəsilə daxil ola bilər.
Hesabatda bildirilir ki, dünyada istehsal və istifadə üçün qeydiyyata alınmış 350 mindən çox kimyəvi maddə və qarışıq mövcuddur. Lakin onların böyük əksəriyyəti hormonal sistemə təsiri baxımından kifayət qədər araşdırılmayıb.
Araşdırmaya əsasən, bu maddələrin yaratdığı sağlamlıq problemlərinin illik qlobal iqtisadi xərci 1,1 trilyon dolları ötür. Sənəddə kimyəvi maddələrə nəzarətin gücləndirilməsi, onların təhlükəsiz alternativlərlə əvəzlənməsi və istehsal prosesində şəffaflığın artırılması tövsiyə olunur.
Zümrüd Abidqızı
