İzmirdə keçirilən “NATO Edge 2026” tədbiri başa çatıb


Türkiyənin ev sahibliyi ilə İzmirdə təşkil olunan “NATO Edge 2026” tədbirinin üçüncü günü və yekun plenar iclası başa çatıb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyənin ev sahibliyi ilə İzmirdə keçirilən “NATO Edge 2026” tədbirinin üçüncü günü yekun plenar iclasla başa çatıb.
Baş Qərargahın məsuliyyəti və İzmir valiliyinin dəstəyi ilə İzmir Sərgi Mərkəzində təşkil olunan tədbir NATO-nun qərar qəbul edən şəxslərini, hərbi rəsmiləri, müttəfiq ölkələrin dövlət qurumlarını, müdafiə sənayesi nümayəndələrini və akademik dairələri bir araya gətirib. Tədbir çərçivəsində 25-dən çox ölkədən təxminən 300 şirkət öz stendlərini qurub.
Türkiyədən 30 qurum da mühəndislik təcrübəsini və istehsal imkanlarını NATO üzvü olan müttəfiq ölkələrin qərar qəbul edən şəxslərinə təqdim edib.
Tədbirdə NATO-nun dəyişən təhlükəsizlik mühitinə uyğun texnoloji ehtiyacları, müdafiə sənayesi ilə əməkdaşlıq imkanları və innovativ texnologiyaların hərbi imkanlara çevrilməsi istiqamətində görülən işlər müzakirə olunub. Peyk rabitəsi, bulud texnologiyaları, kibertəhlükəsizlik, qarşılıqlı fəaliyyət, eləcə də süni zəka başda olmaqla müdafiə və təhlükəsizlik sahəsindəki aktual texnoloji yeniliklər qiymətləndirilib.
Sərgilərlə yanaşı, texnoloji inkişaflarla bağlı eyni vaxtda keçirilən çoxsaylı panellərdə təcrübə mübadiləsi aparılıb, mövcud texnologiyaların hərbi sahəyə tətbiqi ilə bağlı fikir mübadiləsi edilib.
Bu çərçivədə NATO və sənaye nümayəndələrinə təqdimat imkanı yaradan canlı məhsul nümayişləri və texnologiya nümayişləri keçirilib.
“NATO Edge 2026”nın üçüncü və son günündə müxtəlif tədbirlər təşkil olunub.
“NATO-nun açıq və məxfi buludlarında tətbiqlərin köçürülməsi və modernləşdirilməsi” adlı sessiyada NATO tətbiqlərinin açıq və məxfi bulud mühitlərinə köçürülməsi məsələsi müzakirə edilib.
NATO-ya etibarlı informasiya mənbəyi təmin edilməsi çərçivəsində keçirilən “İmkanların təqdimatı üçün informasiya idarəetməsi” sessiyasında “SATCOM” layihəsinə toxunulub. Layihənin missiya tələblərinin mövcud imkanları üstələdiyi hallarda əlavə peyk rabitəsi tutumu təmin etməklə dayanıqlılığı və çevikliyi gücləndirməsi planlaşdırılır.
NATO-nun yerləşdirilə bilən hava komandanlığı və idarəetmə imkanlarının inkişaf etdirilməsi məqsədilə “Yerləşdirilə bilən AirC2 imkanı”, əsas coğrafi xidmətlərin təmin edilməsi üçün hazırlanan “Geoməkan üzrə korporativ əsas xidmətlər”, eləcə də “Şəbəkələşmə və sərgi” tədbirləri iştirakçılara təqdim olunub.
Tədbir NATO Edge-dən sonra baş verəcək dəyişiklikləri əhatə edən “Məhdudiyyətsizliyin o tayında, NATO-nun 2027-ci ildə sizdən gözləntiləri” adlı yekun plenar iclasla başa çatıb.
NATO-nun Kommunikasiya və İnformasiya Agentliyinin (NCIA) baş direktoru doktor Dilan Braun çıxışında NATO-nun məlumat sahəsində müəyyən etdiyi son standartlarla qürur duyduqlarını bildirib. O, texnologiyalara uyğunlaşmaq üçün 32 üzv ölkənin hamısının birlikdə işləməli olduğunu vurğulayıb.
Braun sənayenin fəaliyyətini həyata keçirməsini, onlara məhsul və xidmətlər təqdim etməsini asanlaşdırmağın vacibliyini qeyd edib.
“Mövcud məhsul və xidmətlərə üstünlük versək, sənayenin bizə həll yolları təqdim etmək imkanı artar. Dünyanın ən yaxşı məhsulları ən çox seçilən məhsullardır. Çünki bu məhsullar problemi həll edir və çox sayda insan həmin həllərdən faydalanır. Öz ehtiyaclarımızı sənayedə, xüsusilə də kommersiya sektorunda qarşılığı olan problemlərlə uzlaşdırmağa çalışsaq, sənayenin bizə dəstək verməsi və uğurlu nəticələr əldə etməsi ehtimalı artar”, - deyə Braun bildirib.
O, layihələrin vaxtında və büdcə çərçivəsində tamamlanması məsələsində keçmişdə çatışmazlıqların olduğunu, bu sahədə hələ də problemlərin yaşandığını, lakin geriliyin aradan qaldırıldığını bildirib.
“Layihə tələblərində 20-30 faizlik artımı qarşılaya biləcək imkanlar yaratmalıyıq. 2,7 milyard dollarlıq rəqəmdən danışdıq. Bu, əvvəlki dövrlə müqayisədə daha yüksək göstəricidir. Təşkilat bu hədəfə çatmaq üçün daha səmərəli işləməlidir. Material və sistemlərdə aşınma və itkilərin baş verməsi real vəziyyətdir. İstehsal həcmi və miqdarı baxımından daha iddialı olmalıyıq”, - deyə Braun əlavə edib.
Dilan Braun tədbirin təşkilində Türkiyənin ev sahibliyinə də diqqət çəkərək ölkəyə təşəkkür edib.
“İlk növbədə ev sahibi ölkəyə təşəkkür etmək istəyirəm. Türkiyənin dəstəyi olmasaydı, bu möhtəşəm tədbirin keçirilməsi mümkün olmazdı. Təhlükəsizlik və logistika baxımından arxa planda görülən işləri bir çox insanın görmədiyini düşünürəm. Fəaliyyət göstərdiyimiz sahənin xüsusiyyətlərinə görə belə bir tədbiri təşkil etmək asan deyil. Bu tədbirin reallaşdırılması üçün çox böyük əmək sərf olunub”, - deyə o bildirib.
“NATO Edge 2026”nın keçirildiyi sərgi ərazisində də geniş təhlükəsizlik tədbirləri görülüb. Noyabrın 17-dən 19-dək davam edən tədbir zamanı ərazidə kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) müdafiə tədbirləri sutka ərzində həyata keçirilib.
Aşkarlama, diaqnostika, müşahidə və zərərsizləşdirmə fəaliyyətləri Türkiyə Milli Müdafiə Nazirliyinin KBRN Müdafiə İdarəsinin koordinasiyası ilə qüvvə komandanlıqlarının KBRN kəşfiyyat qrupları və “Birgə KBRN İnformasiya İdarəetmə Sistemi” vasitəsilə icra olunub.
Üçüncü dəfə keçirilən proqram çərçivəsində ilk dəfə təşkil edilən KBRN müdafiə fəaliyyətinin uğurla başa çatdığı bildirilib.
Sevinc Əliyeva Ordu.az
