İmtahana telefonla girən 22 nəfər xüsusi siqnalla aşkarlandı


Cənubi Koreyada universitetə qəbul imtahanında mobil telefonlardan istifadə ehtimalının qarşısını almaq üçün qeyri-adi üsula əl atılıb. İmtahan iştirakçılarının telefonlarına yüksək səsli xəbərdarlıq siqnalı göndərilməsi nəticəsində mobil cihazlarını təhvil verməyən 22 namizəd müəyyən edilib.
Bugun.tv xəbər verir ki, bu barədə TRT Haber Anadolu Agentliyinə istinadən məlumat yayıb.
Cənubi Koreya Təhsil Nazirliyinin nazir müavini Çxve Ün Ok mətbuat konfransında bildirib ki, siqnal imtahan başlamazdan əvvəl telefonlarını təhvil verməyən şəxsləri aşkarlamaq məqsədilə göndərilib. Nəticədə 22 nəfərin mobil telefonla imtahana daxil olduğu üzə çıxıb.
Rəsmilərin sözlərinə görə, həmin şəxslərin imtahan qaydalarını pozub-pozmadığı araşdırılacaq. Qanunvericiliyə əsasən, köçürmə etdiyi müəyyənləşdirilən namizədlərin imtahan nəticələri etibarsız sayılır və onların beş il müddətinə imtahanlarda iştirakına qadağa qoyula bilər. Hadisənin nəticəsindən asılı olaraq, cinayət məsuliyyəti məsələsi də gündəmə gələ bilər.
Ölkədə imtahanlarda köçürmə qalmaqalı
Bu hadisə Cənubi Koreyada imtahanlarda texnologiyadan qanunsuz istifadə ilə bağlı müzakirələrin gücləndiyi bir vaxtda baş verib. Bu ay keçirilən mühasibatlıq üzrə ixtisas imtahanında ən yüksək nəticəni göstərən namizədin mini kamera, smartfon və süni intellektdən istifadə edərək köçürdüyünü etiraf etməsi də ölkədə geniş rezonans doğurub.
