İtaliya hibrid müharibəyə qarşı müdafiəyə 6 milyard avro sərmayə yatıracaq


İtaliya hibrid təhdidlərə qarşı müdafiə imkanlarını gücləndirmək məqsədilə qarşıdakı illərdə bu sahəyə 6 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.
Ordu.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto parlamentin aşağı palatası olan Deputatlar Palatasında keçirilən “Nazirə suallar” sessiyasında bildirib.
Krosetto parlament üzvlərinin suallarını cavablandırarkən son həftələrdə İtaliyada qeydə alınan bir sıra kiberhücumlara, uçuşları və məktəbləri hədəf alan əsassız bomba xəbərdarlıqlarına, eləcə də dövlət rəsmilərinin şəxsi məlumatlarının “darknet”də yayılmasına toxunub.
Nazir Müdafiə Nazirliyinin bu sahədə təhlükəsizlik sərmayələrini azaltdığı barədə iddialarla razılaşmayıb.
Krosetto hibrid təhdidlərdən müdafiə üçün 2019-cu ildə 126 milyon avro vəsait ayrıldığını xatırladaraq bildirib ki, bu məbləğ 2025-ci ildə, qeyd olunan hadisələr baş verməzdən əvvəl, 557 milyon avroya çatdırılıb və dörd dəfədən çox artırılıb.
“2026-2028-ci illər dövrü üçün əvvəlki üçillik dövrlə müqayisədə təxminən 40 faiz daha çox vəsait ayıraraq təxminən 2 milyard avroluq büdcə nəzərdə tuturuq. Qarşıdakı illərdə bu sektor üçün 6 milyard avrodan çox vəsait ayrılıb”, - deyə nazir bildirib.
Krosetto 6-cı nəsil qırıcı təyyarənin yaradılmasını nəzərdə tutan Qlobal Hava Döyüş Proqramının (GCAP) payı da birbaşa bu texnologiyalara və onların inkişafına daxil edilərsə, ümumi məbləğin 7 milyard avroya çatacağını qeyd edib.
Nazir hibrid müharibəyə və ənənəvi müharibəyə qarşı müdafiə arasında artıq fərq qalmadığını bildirib.
“Ukrayna bunu sübut edir. Səngərlər, PUA-lar, peyklər, şəbəkələr və kiber əməliyyatlar - bunların hamısı eyni müharibənin tərkib hissəsidir. Əgər əlaqələrdən biri kəsilərsə, bunun əvəzini döyüş meydanındakılar ödəyir. Yalnız bir müharibə var və biz onun bütün istiqamətlərinə qarşı mübarizə aparmaq imkanına malik olmalıyıq”, - deyə Krosetto vurğulayıb.
O, hibrid müharibəyə qarşı mübarizə üçün milli və Avropa səviyyəsində mərkəz yaradılmasının vacibliyini bir daha qeyd edib. Nazir həmçinin gecə-gündüz fəaliyyət göstərəcək və zamanla sayı 5 min nəfərə çatdırılacaq kiber mütəxəssislər heyətinin formalaşdırılmasının zəruri olduğunu bildirib.
Qeyd edək ki, SWG ictimai rəy sorğusu şirkətinin noyabrın 11-13-də ölkə üzrə 800 nəfər arasında keçirdiyi sorğuya əsasən, hər 10 italiyalıdan 7-si hibrid müharibədən narahatdır.
Sevinc Əliyeva Ordu.az
1 mənbə