İstehlakçı müraciətləri 31% artıb, qaytarılan vəsait 315 min manata çatıb


2026-cı ilin ilk 10 ayında istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Plat.az xəbər verir ki, bunu Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı statistik məlumatlarına əsaslanaraq 2025 və 2026-cı illərin ilk 10 ayı üzrə göstəriciləri müqayisəli şəkildə açıqlayıb.
O qeyd edib ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Agentliyə ümumilikdə 7 053 müraciət daxil olub:
"Onlardan 6 390-ı yeni, 663-ü isə əvvəlki ildən qalan müraciətlər olub. Həmin dövrdə 2 105 istehlakçı müraciəti təmin edilib və vətəndaşlara 301 792,1 manat vəsait qaytarılıb.
Ötən ilin ilk 10 ayında Agentlikdə baxılması yekunlaşan müraciətlərin sayı 5 032, aidiyyəti qurumlara yönləndirilən müraciətlərin sayı 1 560, icrası növbəti aylara qalan müraciətlərin sayı isə 461 olub. Bu müddətdə 51 protokol tərtib edilib".
Yusif Tapdıqlı əlavə edib ki, 2026-cı ilin eyni dövründə isə daxil olan müraciətlərin ümumi sayı 9 260-a yüksəlib. Onların 8 766-sı yeni, 494-ü əvvəlki ildən qalan müraciətlərdir:
"Cari ilin yanvar-oktyabr aylarında 2 399 istehlakçı müraciəti müsbət həllini tapıb, qaytarılan vəsaitin məbləği isə 314 997,5 manat təşkil edib.
Bundan başqa, Agentlikdə baxılması yekunlaşan müraciətlərin sayı 6 080, aidiyyəti orqanlara göndərilənlərin sayı 2 312, icrası növbəti aylarda davam etdiriləcək müraciətlərin sayı 868 olub. Hesabat dövründə 41 protokol tərtib edilib.
Beləliklə, 2026-cı ilin ilk 10 ayında istehlakçı müraciətlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 207 vahid və ya təxminən 31,3% artıb. Qaytarılan vəsaitin məbləğində isə 13 205,4 manat artım qeydə alınıb".
Dərc vaxtına görə