F-35-i Kim İdarə Edir? Proqram Təminatı, Logistika və ABŞ-dən Asılılığın Sərhədləri


F-35-in təchizat zəncirləri və proqram təminatı artıq o qədər ABŞ-dən asılıdır ki, “öldürmə açarı” faktiki olaraq artıqdır.
Avropada, xüsusilə Almaniyada belə narahatlıqlar var ki, ABŞ istehsalı olan sistemlər, məsələn F-35 “Lightning II” beşinci nəsil çoxməqsədli stels döyüş təyyarəsi, “öldürmə açarı”na, yəni ABŞ-nin uzaqdan təyyarəni sıradan çıxara bilməsinə imkan verən elektron arxa qapıya malik ola bilər. “Əgər NATO üzrə keçmiş müttəfiqlər Vaşinqtonun xoşuna gəlməyən şəkildə bu təyyarələrdən istifadə etsələr, ABŞ onları dayandıra bilərmi?” sualı gündəmə gəlir.
ABŞ-nin müttəfiqlərinə satılan F-35-lərdə sözün həqiqi mənasında belə bir öldürmə açarının mövcud olduğunu göstərən ciddi sübut yoxdur. Lakin amerikalılar başqa yollarla da istənilən ölkənin F-35 proqramını zəiflədə və ya faktiki olaraq dayandıra bilərlər.
Mövcud olmayan “öldürmə açarı” və mövcud olan mexanizm Bu məsələ ABŞ-nin Avropaya münasibətdə xarici siyasətində, xüsusilə Qrenlandiya və Ukrayna müharibəsi ilə bağlı son əsaslı dəyişikliklər fonunda yenidən gündəmə gəlib. “Euronews” xəbər verir ki, alman rəsmilər Avropaya satılan F-35 təyyarələrində şayiə edilən “öldürmə açarı” ilə bağlı ictimai şəkildə narahatlıq ifadə ediblər.
Bu, böyük ehtimalla əsassızdır. Əsl mexanizm isə beşinci nəsil bu döyüş təyyarələrinin effektiv işləməsi üçün proqram təminatı, texniki xidmət və məlumat əlaqələri baxımından ABŞ müdafiə şirkətlərindən tam asılılıqdır.
Məlumat əlaqə sistemləri F-35-in effektiv istifadəsi üçün xüsusilə vacibdir. Bu təyyarə tez-tez “uçan kompüter çipi” kimi təsvir olunur. Mənim danışdığım, F-35 üzrə təlim keçmiş bir pilot bildirdi ki, effektiv məlumat bağlantısı olmadan F-35 öz üstünlüklərinin böyük hissəsini itirir.
Avropanın F-35-ləri NATO-nun qurucularının xəyal etdiyi hərbi interoperabelliyin zirvə nöqtəsidir.
“Link-16”, GPS və müasir hava gücünün rəqəmsal dayaq nöqtələri Konkret olaraq, “Link-16” və GPS çıxışı Avropanın F-35-lərinin düzgün işləməsi üçün əsasdır. Bu sistemlər təyyarələri daha geniş NATO müdafiə şəbəkələrinə qoşur və döyüş zamanı dəqiq istiqamətləndirmə və zərbə imkanları yaradır.
Eyni zamanda əsas proqram təminatı, logistika dəstəyi və ümumilikdə Avropanın F-35 donanmasının saxlanılması üçün təchizat zənciri də ABŞ vasitəsilə idarə olunur. NATO üzvləri ilə ABŞ arasında münasibətlər yaxşı olduğu müddətdə bu problem yaratmır.
Lakin Vaşinqtonla Kopenhagen arasında Qrenlandiyanın taleyi ilə bağlı son və davam edən gərginliyə baxmaq kifayətdir.
“The Aviationist” adlı ixtisaslaşmış nəşrin məlumatına görə, F-35-in effektiv fəaliyyətini təmin edən ALIS və ODIN kimi logistika, texniki xidmət və missiya məlumatı dəstək sistemləri ABŞ mənşəlidir. Vaşinqton üçün bu xidmətlərin dəstəyini dayandırmaq çətin olmazdı.
ALIS və ODIN: Qlobal F-35 təminat sisteminin onurğa sütunu ALIS (Avtonom Logistika Məlumat Sistemi) “Lockheed Martin”in rəsmi məlumatına görə, qlobal F-35 oarkının əsas logistika infrastrukturu kimi nəzərdə tutulmuşdu.
Konsepsiya baxımından ALIS texniki xidmət və proqnostik məlumatları, təchizat zənciri və ehtiyat hissələrinin izlənməsini, missiya planlaşdırılması və təhlil məlumatlarını, təyyarənin texniki vəziyyəti və hesabatlarını birləşdirirdi. Sistem yerli serverlər və müştəri avadanlığı üzərində işləyərək təyyarə və yerüstü heyətlə qarşılıqlı əlaqədə olmalı idi.
Daha sonra ODIN (Əməliyyat Məlumatlarının İnteqrasiya Edilmiş Şəbəkəsi) yaradıldı. Bu sistem ALIS-in çatışmazlıqlarını aradan qaldırmaq üçün nəzərdə tutulmuş növbəti nəsil həll hesab olunur. ODIN “bulud əsaslı” sistemdir, yəni proqram təminatı və məlumat mühiti müasir bulud serverlərində yerləşir.
Bu səbəbdən ODIN-in yaradıcıları onun daha çevik, istifadəçi dostu, təhlükəsiz və daha tez yenilənən sistem olduğunu bildirirlər.
Hər iki sistemin məqsədi oxşardır, lakin struktur baxımından fərqlidirlər. ABŞ-nin Hökumət Hesabatlılıq Ofisi bildirir ki, ALIS yerli serverlər, işçi stansiyalar, təyyarə interfeysləri, proqnostik mühərriklər və təchizat idarəetmə modullarına əsaslanırdı.
ALIS ağır, ləng və köhnəlmiş proqram təminatına malik olduğu üçün tənqid olunub. Məlumat uyğunsuzluqları, çatışmayan qeydlər və tez-tez əl ilə düzəlişlər tələb olunması kimi problemlər mövcud idi. Bundan əlavə, ölçü və çəkisinə görə ekspedisiya və ya gəmi üzərində yerləşdirmə baxımından çətinliklər yaradırdı.
ODIN isə proqram təminatı baxımından daha maraqlı xüsusiyyətlərə malikdir. O, ALIS ilə eyni funksiyaları yerinə yetirsə də, əsas arxitektura yeniliklərinə malikdir.
Məsələn, bulud əsaslı arxa sistemə malikdir, avadanlığı isə daha kiçik və dayanıqlıdır. Sistem təyyarələrlə əlaqə quraraq yerli qovşaq kimi fəaliyyət göstərə və döyüş buluduna qoşula bilir. Veb və bulud tətbiqləri istifadəsini asanlaşdırır.
Bundan əlavə, ODIN proqram yeniləmələrinin fasiləsiz şəkildə həyata keçirilməsinə imkan verir və inteqrə olunmuş məlumat mühitində fəaliyyət göstərir.
Proqram təminatı müharibədə yeni yüksək mövqedir F-35-in fəaliyyəti üçün proqram təminatı həlledicidir.
Hər kəsin bildiyi kimi, xüsusilə F-35 kimi mürəkkəb sistemlər daimi proqram yeniləmələrinə ehtiyac duyur. Mənbə kodu və yeniləmələr Vaşinqtonun nəzarətindədir və Avropa ABŞ-nin açıq icazəsi olmadan F-35-lərdə proqramı dəyişə və ya yeniləyə bilməz. Bu, özlüyündə istismar oluna bilən ciddi zəiflikdir.
Bu yaxınlarda Danimarka Qrenlandiyaya yaxın aylarda təxminən 1000 hərbçi rotasiya etməyi planlaşdırdığını açıqladı. Bu qüvvəyə Fransa da daxil olmaqla digər NATO üzvləri də qoşulacaq. Danimarka Kral Donanması Qrenlandiyaya hərbi gəmi göndərib, Fransa donanmasının isə ABŞ-nin adanı hərbi yolla öz ərazisinə qatmasının qarşısını almaq məqsədilə sahil yaxınlığında sualtı qayıqlar yerləşdirdiyi bildirilir.
Müasir müharibədə hava gücü əsas komponentdir. Kopenhagen bunu anlayır. Onlar həmçinin bilirlər ki, ABŞ istəsə, Danimarkanın və ümumilikdə Avropanın F-35 donanmasına dəstək mexanizmlərini pozaraq ciddi zəiflik yarada bilər.
Transatlantik ittifaqda münasibətlər yaxşı olduqda bu texniki və logistika asılılıqları rahatlıq yaradır. Lakin müttəfiqlər arasında qarşıdurma baş verərsə, bu, böyük zəifliyə çevrilir.
Almaniyanın strateji zəifliyi gec də olsa dərk etməsi Maraqlıdır ki, bu zəifliklər barədə açıq danışan ölkə Almaniyadır. Almaniya uzun illər Avropanın iqtisadi lokomotivi olub.
“Şimal Axını II” qaz kəmərinin dağıdılmasından sonra Almaniyanın iqtisadi möcüzəsi zəifləyib və ölkə indi Avropada yenidən silahlanma təşəbbüsünə liderlik edir. NATO-nun yaradılmasının məşhur məqsədi “amerikalıları içəridə saxlamaq, rusları kənarda tutmaq və almanları nəzarətdə saxlamaq” idi.
Berlin ABŞ müdafiə şirkətlərinin Avropa bazarlarına həddindən artıq təsirindən narahatdır.
Ucuz Rusiya enerjisini itirdikdən sonra zəifləyən iqtisadiyyat və yenidən silahlanma meyilləri fonunda Almaniya Avropa silah bazarında güclü oyunçu olmağa çalışır. Həm şərqdən gələn Rusiya təhlükəsini, həm də ABŞ-nin mümkün etibarsızlığını vurğulamaqla Berlin ABŞ şirkətləri ilə rəqabətdə yer qazanmağa cəhd edə bilər.
ABŞ silahlarını almağın əsl qiyməti ABŞ istehsalı olan hərbi platformalarda, o cümlədən F-35-də təsdiqlənmiş gizli “öldürmə açarı” yoxdur ki, Pentaqon müttəfiqlərin silahlarını dərhal söndürə bilsin. Lakin mövcud olan şey Avropanın ABŞ nəzarətində olan proqram təminatı infrastrukturu, təchizat zəncirləri və siyasi qərarlarından həddindən artıq asılılığıdır.
Məhz buna görə bəzi şərhçilər Avropanı ABŞ-nin “vassalları” adlandırırlar. Bu ifadə nə qədər sərt səslənsə də, Almaniyada səsləndirilən narahatlıqlar göstərir ki, avropalılar öz həssaslıqlarını yeni-yeni dərk edirlər.
Avropalıların yaxın müddətdə bu balanssızlığı əsaslı şəkildə dəyişdirə biləcəyi məlum deyil. Lakin bu asılılıq aradan qalxmayana qədər onlar ABŞ ilə münasibətlərdə ehtiyatlı davranmağa məcbur qalacaqlar.
Dəyanət Ağalarlı Ordu.az
1 mənbə
