Dünyanın inkişaf etmiş ölkələrində büdcə kəsiri rekord həddə çatır


Dünyanın inkişaf etmiş ölkələrində dövlət büdcələrinin kəsiri İkinci Dünya müharibəsindən bəri iqtisadi tənəzzül dövrləri xaricində ən yüksək səviyyəyə çatmaq üzrədir.
Xitab24.az Reuters agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın JPMorgan maliyyə qurumunun proqnozuna əsasən, 2026-cı ildə inkişaf etmiş ölkələrin ümumi büdcə kəsiri onların məcmu ümumi daxili məhsulunun 5,5 faizinə yüksələcək.
Hesabatda bildirilir ki, 2019-cu ildən bəri bu ölkələrdə dövlət borcunun ÜDM-ə nisbəti 7 faiz bəndi artıb. Ölkələrin 70 faizindən çoxunda büdcə göstəriciləri pandemiyadan əvvəlki dövrlə müqayisədə daha zəifdir.
JPMorgan ekspertlərinin hesablamalarına görə, dövlət borcunun sabitləşdirilməsi üçün ilkin büdcə balansında təxminən 4,6 faiz bəndi həcmində yaxşılaşma tələb olunur.
Maliyyə qurumu xəbərdarlıq edir ki, büdcə siyasətinin iqtisadi artım və tənəzzül dövrlərindən asılılığının zəifləməsi dövlət borclarının idarə olunmasını çətinləşdirir.
