Dünyada cəmi 13 ədəd qalan "Mercedes" on milyonlarla avroya satılacaq


"Mercedes-Benz" şirkəti tarixində ilk dəfə olaraq heç vaxt kütləvi istehsal edilməyən və dünyada cəmi 13 nüsxəsi qalan nadir "C 111" superkarını satmaq qərarına gəlib.
Plat.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobilin hərracı 2027-ci il fevralın 3-də Parisdəki Luvr sarayında ("Palais du Louvre") baş tutacaq. Şirkət start qiymətini açıqlamasa da, satışdan on milyonlarla avro dəyərində gəlir əldə etməyi hədəfləyir. Toplanan bütün vəsait "Mercedes" muzeyinin inkişafına və genişləndirilməsinə yönəldiləcək.
Məlumata görə, vaxtilə ümumilikdə 17 ədəd "C 111" modeli inşa edilsə də, onlardan biri qəza testində istifadə olunub, üçü isə 1970-ci illərdə sökülüb. Bu nadir satışın eksklüzivliyini qorumaq üçün şirkət ən azı növbəti 25 il ərzində kolleksiyasında qalan digər nüsxələrdən heç birini satmayacağına dair rəsmi öhdəlik götürüb.