Bu təhlükə evinizdə ola bilər: Yaşlı insanlarda yaddaş itkisi riskini artırır


19.11.2026 - 16:07
İnsan yaşlandıqca yaddaş zəifləməsi və demensiya riski artır. Lakin alimlərin apardığı uzunmüddətli araşdırma göstərib ki, bu təhlükənin arxasında heç də hər kəsin düşündüyü səbəblər dayanmır. Yaşlı insanlarda uzun müddət davam edən tənhalıq da beyin sağlamlığına ciddi zərər vura bilər.
Fransada aparılan və 30 il davam edən elmi araşdırmanın nəticələri diqqətçəkən mənzərə ortaya qoyub. Məlum olub ki, xroniki tənhalıq 65 yaşdan yuxarı insanlarda demensiya riskini 38 faiz artırır.
Bordo Universitetinin alimləri 1988-2018-ci illər ərzində yaşı 65-dən yuxarı olan 3 777 nəfərin sağlamlıq vəziyyətini araşdırıblar. İştirakçılar tənhalıq hiss edib-etməmələrinə görə üç qrupa bölünüblər: heç vaxt özünü tənha hiss etməyənlər, arabir tənhalıq yaşayanlar və uzun müddət bu hissdən xilas ola bilməyənlər.
Nəticələr alimləri düşündürən bir məqamı üzə çıxarıb. Xroniki tənhalıq yaşayanların 49 faizində demensiya inkişaf edib. Arabir tənhalıq hiss edənlərdə bu göstərici 34 faiz, özünü heç vaxt tənha hiss etməyənlərdə isə 33 faiz olub.
Statistik təhlillər göstərib ki, uzunmüddətli tənhalıq demensiya riskini tənhalıq hiss etməyənlərlə müqayisədə 38 faiz artırır. Maraqlıdır ki, arabir yaşanan tənhalığın riskə nəzərəçarpacaq təsiri müəyyən edilməyib.
Bordo İctimai Səhiyyə Mərkəzinin baş elmi tədqiqatçısı Karine Peres bildirib ki, insanların əksəriyyəti həyatının müəyyən mərhələsində tənhalıq yaşayır. Lakin əsas təhlükə bu hissin müvəqqəti olmaqdan çıxaraq xroniki və davamlı xarakter almasıdır.
Alimin sözlərinə görə, uzunmüddətli tənhalıq orqanizmdə stressi artırır, immun sisteminə mənfi təsir göstərir və iltihabi prosesləri gücləndirə bilər.
Bununla da məsələ təkcə psixoloji vəziyyətlə bitmir. Tənhalıq fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma ilə də əlaqələndirilir. Bu amillər isə öz növbəsində demensiya riskini artıran ürək-damar xəstəlikləri və diabet kimi problemlərə zəmin yarada bilər.
Araşdırmanın əsas müəllifi, Bordo Universitetinin nümayəndəsi Yvanna Simon isə mühüm məqama diqqət çəkib. Onun fikrincə, insanın kiminləsə eyni evdə yaşaması onun özünü tənha hiss etmədiyi anlamına gəlmir.
Simon hesab edir ki, həkimlər, sosial xidmət işçiləri və qərar qəbul edən şəxslər yaşlı insanların yalnız kiminlə yaşadığına deyil, onların sosial münasibətlərinə, ünsiyyət imkanlarına və özlərini nə dərəcədə tənha hiss etdiklərinə də diqqət yetirməlidirlər.
Araşdırmanın nəticələri “Aging & Mental Health” elmi jurnalında dərc olunub.
\\ Aydan Bünyatova, Editor.az
1 mənbə
