REGENT şirkəti “Squire” dəniz planerlərinin ilk istehsal müqaviləsini imzalayıb


ABŞ hökumətinin bir müştərisi REGENT şirkətinin avtonom “Squire” dəniz planerlərindən ibarət kiçik partiyanın istehsalı üçün müqavilə imzalayıb və onların gələn il Yaxın Şərqdə yerləşdirilməsi planlaşdırılır.
Ordu.az xəbər verir ki, bu barədə REGENT şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Billi Talhaymer məlumat verib.
“İstehsal müqaviləsi imzalanıb!”, - deyə Talhaymer çərşənbə günü “X” sosial şəbəkəsində yazıb. O, Rod-Aylend ştatında yerləşən şirkətin artıq ABŞ hökumətinə dəniz planerləri satdığını bildirib.
Talhaymer sifariş barədə ilk dəfə noyabrın 6-da keçirilən UP.Summit tədbirində çıxış edərkən məlumat verib. “Aviation Week” nəşrinin yazdığına görə, o, həmin vaxt PUA-ların “sualtı mühitin müşahidəsi” tapşırığını yerinə yetirəcəyini bildirib.
Müştərinin kimliyi, PUA-ların sayı və müqavilənin dəyəri hələlik açıqlanmır.
“Bu sifariş barədə hələ çox məlumat paylaşa bilməsək də, deyə bilərik ki, söhbət gələn il Yaxın Şərqdə yerləşdiriləcək və ABŞ hökumətinin müştərisi üçün çoxsahəli müşahidə aparacaq kiçik bir partiyadan gedir”, - deyə Talhaymer yazıb.
REGENT üçün bu müqavilə “Squire” layihəsinin sınaq mərhələsindən istehsala keçməsi deməkdir. Talhaymer bunu hərbi təlimlər və nümayişlər mərhələsindən çıxaraq “tədqiqat və inkişaf mərhələsini tərk etmək və dəniz planerlərini məhsul kimi satmağa başlamaq” kimi təsvir edib.
“Squire” suyun səthindən bir qədər yüksəklikdə hava yastığı üzərində hərəkət edən, yerə yaxın uçuş effektindən istifadə edən dəniz planeridir. REGENT bu PUA-nı bu ilin əvvəlində ABŞ-nin müharibə naziri Pit Heqsetin də iştirak etdiyi Rod-Aylenddəki təqdimat zamanı nümayiş etdirib.
Platformanın uzunluğu təxminən 4 metr, qanad açılımı isə 5,5 metrdir.
Talhaymerin sözlərinə görə, “Squire” 23 kiloqram faydalı yük daşıya bilir və maksimal çəkisi 181 kiloqramdan bir qədər azdır. Bu göstəricilər onu 3-cü qrup PUA-lar sinfinə daxil edir. Platforma həmçinin insansız suüstü gəmi kimi uzun müddət suyun üzərində qala bilir.
“Suüstü insansız platformalar saatda 5-20 dəniz mili sürətlə hərəkət edir. “Squire” isə 70 dəniz mili sürətlə uçur!”, - deyə Talhaymer yazıb.
Talhaymerin sözlərinə görə, müştəri bir ərazidə sensorları suya yerləşdirdikdən sonra başqa əraziyə uçaraq eyni işi təkrarlamaq istəyir. O bildirib ki, keçmişdə istehsal olunan kiçik uçan qayıqlar hətta zəif dalğalanma zamanı belə istifadə üçün yararsız olurdu.
“Squire” isə hidrofoillərdən istifadə edərək dalğaların üzərindən qalxır və uçuş sürətinə çatır. REGENT şirkətinin məlumatına görə, bu xüsusiyyət platformaya açıq sularda, dalğalı və küləkli hava şəraitində xüsusi buraxılış və geri qaytarma avadanlığı olmadan havaya qalxmağa imkan verir.
“REGENT Defense” şirkətinin baş meneceri Tom Hantli “The Defence Blog” nəşrinə müsahibəsində “Squire” platformasının mübahisəli sahil sularında yüksək riskli, təkrarlanan logistika və müşahidə tapşırıqlarını yerinə yetirmək üçün hazırlandığını bildirib. Bu, həmin tapşırıqların ekipajlı gəmilər tərəfindən icrasına ehtiyacı azalda bilər.
PUA REGENT şirkətinin öz avtonom idarəetmə proqramı ilə işləyir. Talhaymer bildirib ki, sistem artıq hərbçilərin geniş istifadə etdiyi situasiya məlumatlılığı tətbiqi TAK və “Anduril” şirkətinin “Lattice” komanda-idarəetmə proqramı ilə əlaqələndirilib.
“Squire” ilk sınaq uçuşunu ABŞ-də aprel ayında həyata keçirib. İyul ayında isə Miçiqan ştatında ABŞ ordusunun radioelektron mübarizə təcrübəsi olan “Silent Swarm” tədbirində 13 gün iştirak edib. REGENT şirkətinin ABŞ Dəniz Piyadaları Korpusu ilə də 15 milyon dollar dəyərində müqaviləsi var.
Şirkət avqust ayında istehsala keçmək üçün 240 milyon dollar investisiya cəlb edib. Oktyabr ayında Rod-Aylend ştatının Nort-Kinqstaun şəhərində sahəsi 23 700 kvadratmetr olan zavod açılıb. “ZAG Daily” nəşrinin məlumatına görə, zavod tam istehsal gücünə çatdıqda ildə 300 ədəd “Squire” istehsal edə bilər.
“Gələn il əməliyyat bölgəsində, xidmətdə olan dəniz planerləri”, - deyə Talhaymer yazıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
