Dünya üç liderin görüşündən nə gözləyir: yeni razılaşma, yoxsa yeni qarşıdurma?


Dünya siyasətində noyabrın 19-u xüsusi əhəmiyyət daşıyan günlərdən birinə çevrilə bilər. ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin bu gün Çinin Şençjen şəhərində tarixdə ilk dəfə üçtərəfli formatda bir araya gəlirlər. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində keçirilən bu görüş beynəlxalq münasibətlərdə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Oxu24.com-a danışan ekspert Şəmsi Qoca bildirib ki,bu görüşün əhəmiyyəti yalnız üç böyük dövlətin rəhbərlərinin eyni masa arxasında əyləşməsində deyil.
Əsas məsələ dünyanın hazırda üzləşdiyi müharibələr, nüvə təhlükəsi, iqtisadi qarşıdurmalar və dəyişən güc balansının bu üç ölkənin münasibətlərindən ciddi şəkildə asılı olmasıdır. Vaşinqton, Moskva və Pekin ayrı-ayrı maraqlara malik olsalar da, onların qəbul edəcəyi qərarlar dünyanın digər dövlətlərinin də gələcəyinə təsirsiz ötüşməyəcək.
Ekspert bildirirb ki,görüşə qədər verilən açıqlamalardan məlum olur ki, əsas müzakirə mövzularından biri nüvə silahlarının məhdudlaşdırılması olacaq. ABŞ və Rusiya arasında strateji nüvə silahlarına nəzarəti nəzərdə tutan Yeni START müqaviləsinin 2026-cı ilin fevralında qüvvədən düşməsi bu məsələnin aktuallığını daha da artırıb. Tramp yeni nüvə razılaşmasının Çin də daxil olmaqla üç dövlət arasında əldə olunmasını istəyir. Lakin Pekinin belə bir müqaviləyə qoşulmağa həvəsli olmadığı görünür. Çin hesab edir ki, ABŞ və Rusiyanın nüvə arsenalı onun arsenalından xeyli böyükdür və ilk növbədə həmin dövlətlər öz silahlarını azaltmalıdırlar.
"Lakin bu görüşün arxasında nüvə silahlarından daha geniş siyasi hesablamalar dayanır. Tramp üçün əsas məqsədlərdən biri ABŞ-ın dünya siyasətindəki lider mövqeyini nümayiş etdirmək, Çinlə iqtisadi münasibətlərdə yaranmış problemləri yumşaltmaq və İran ətrafındakı müharibədə Vaşinqtonun mövqeyini gücləndirməkdir. Putin isə bu görüş vasitəsilə Rusiyanın beynəlxalq təcrid vəziyyətində olmadığını göstərmək, ABŞ-la münasibətlərdə yeni imkanlar qazanmaq və Moskvanın qlobal siyasi çəkisini artırmaq istəyir.
Si Cinpin üçün isə görüşün əhəmiyyəti bir qədər fərqlidir. Çin son illərdə yalnız iqtisadi qüdrətini deyil, beynəlxalq siyasi təsir imkanlarını da genişləndirir. Pekin özünü ABŞ-la bərabər səviyyədə danışıq aparan, Rusiya ilə strateji münasibətlərini qoruyan və qlobal məsələlərdə söz sahibi olan dövlət kimi təqdim edir. Üç liderin Çin ərazisində görüşməsi də Pekinin diplomatik nüfuzunu artıran hadisədir.
Ən mürəkkəb məsələlərdən biri Ukrayna müharibəsidir. Rusiya ilə ABŞ arasında son vaxtlar diplomatik təmasların intensivləşməsi müharibənin gələcəyi ilə bağlı yeni ehtimallar yaradıb. Noyabrın 10–11-də Əbu-Dabidə Rusiya və Ukrayna arasında birbaşa danışıqların keçirilməsi də bu baxımdan diqqət çəkir. Lakin ABŞ rəsmilərinin ilkin açıqlamalarına görə, Şençjen görüşündə Ukrayna müharibəsi əsas müzakirə mövzusu kimi nəzərdə tutulmayıb. Bu isə Avropa dövlətlərində narahatlıq yaradır.
Avropanın əsas qorxusu ondan ibarətdir ki, ABŞ və Rusiya arasında Ukraynanın gələcəyinə dair hər hansı razılaşma Kiyevin və Avropa ölkələrinin iştirakı olmadan formalaşdırıla bilər. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də Ukrayna münaqişəsinin Avropa məsələsi olduğunu və avropalıların bu müzakirələrdə iştirak etməli olduqlarını vurğulayıb. Əslində, bu narahatlıq təsadüfi deyil. Çünki müharibənin nəticələri təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin gələcəyini müəyyənləşdirəcək.
İran məsələsi də görüşün diqqət mərkəzində olacaq. ABŞ-ın İranla müharibəsi, regionda yaranmış hərbi gərginlik və Hörmüz boğazının təhlükəsizliyi Vaşinqtonun Pekin və Moskva ilə müzakirə etmək istədiyi əsas məsələlərdəndir. İranın Rusiya və Çinlə münasibətləri ABŞ-ın Yaxın Şərq siyasətində hesablamalarını çətinləşdirir. Trampın bu məsələdə hər iki liderdən müəyyən siyasi dəstək almağa çalışacağı gözlənilir. Ancaq Moskva və Pekinin Tehrana münasibətdə öz maraqları var və onların Vaşinqtonun bütün tələblərini qəbul edəcəklərini düşünmək sadəlövhlük olardı.
Görüşün iqtisadi tərəfi də az əhəmiyyət daşımır. ABŞ və Çin arasında ticarət müharibəsindən sonra əldə edilmiş müvəqqəti razılaşma 2027-ci ilin yanvarınadək uzadılıb. Bununla belə, nadir torpaq metalları, süni intellekt texnologiyaları, yarımkeçiricilər və ixrac məhdudiyyətləri ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Çin bu sahələrdə malik olduğu üstünlüklərdən danışıqlarda mühüm vasitə kimi istifadə edir. ABŞ isə texnoloji üstünlüyünü və iqtisadi təsir imkanlarını qorumağa çalışır.
Bəs bu görüş dünyanı dəyişə bilərmi?
Bir günlük görüşdən böyük və konkret nəticələr gözləmək hələlik düzgün olmazdı. Hətta nüvə silahlarına dair hər hansı sənədin imzalanacağı da əvvəlcədən təsdiqlənməyib. Lakin üç liderin bir masa arxasında əyləşməsi özlüyündə mühüm siyasi hadisədir. Bu, beynəlxalq münasibətlərdə qərarların yalnız bir güc mərkəzinin diktəsi ilə müəyyənləşmədiyini göstərən yeni mənzərə yaradır.
Bununla belə, dünyanın taleyinin üç liderin şəxsi münasibətlərindən və siyasi sövdələşmələrindən asılı vəziyyətə düşməsi təhlükəli tendensiyadır. Ukraynanın gələcəyi ukraynalıların, Avropanın təhlükəsizliyi avropalıların, Yaxın Şərqin taleyi isə həmin regionun xalqlarının iradəsi nəzərə alınmadan müəyyənləşdirilməməlidir.
Şençjen görüşünün əsl sınağı da məhz budur: böyük dövlətlər dünyada sülhün təmin olunması üçün anlaşmağa çalışacaqlar, yoxsa öz maraqlarını qorumaq naminə digər xalqların gələcəyini yenidən danışıqlar predmetinə çevirəcəklər?
Hələlik bu suala cavab yoxdur. Ancaq bir həqiqət aydındır: dünya artıq yalnız ABŞ-ın müəyyən etdiyi qaydalarla idarə olunan əvvəlki beynəlxalq sistemdə yaşamır. Rusiya və Çin öz təsir dairələrini genişləndirir, Avropa öz təhlükəsizlik gələcəyi barədə daha çox düşünməyə məcbur qalır, Asiya isə qlobal iqtisadi və siyasi gücün əsas mərkəzlərindən birinə çevrilir. Şençjendəki görüş bu dəyişikliklərin hansı istiqamətdə davam edəcəyini anlamaq üçün mühüm siyasi sınaq olacaq",-deyə ekspert bildirib.
Nigar
Həmçinin oxuyun
1 mənbə

Report+1 mənbə