Çində Transxəzər Dəhlizi üzrə əməkdaşlıq imkanları müzakirə edilib


Çinin Hınan əyalətinin Cencou şəhərində 23-cü Çin Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi (CITLE) çərçivəsində “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin Sənaye və İnvestisiya İnkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu barədə Plat.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Tədbirdə nəqliyyat-logistika, sənaye, istehsal, enerji, infrastruktur və investisiya sahələrini təmsil edən 150-dən çox şirkətin nümayəndələri, həmçinin dövlət qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Çində ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın inkişaf perspektivləri, eləcə də ölkəmizin əlverişli biznes və investisiya mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat-logistika və sənaye potensialı barədə məlumat verib.
Konfrans iştirakçıları üçün Azərbaycanda investorlara yönəlik güzəşt və təşviq mexanizmləri, sənaye parklarında, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılmış imkanlar, Ələt Azad İqtisadi Zonasının investisiya potensialı, SABAH.HUB innovasiya mərkəzində formalaşdırılmış startap ekosistemi və perspektivli investisiya sahələri barədə təqdimat keçirilib.
Tədbirdə, həmçinin Çin Kommunikasiya və Nəqliyyat Assosiasiyasının baş katibi Kı Linçun, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyev və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının (TITR) baş katibinin müavini Saut Şınıbayev çıxış ediblər. Çıxışlarda dəhlizin inkişaf perspektivləri, regional bağlantıların gücləndirilməsi, tranzit daşımalarının asanlaşdırılması və beynəlxalq əməkdaşlıq imkanları qeyd olunub.
Çin şirkətlərinin nümayəndələri tərəfindən multimodal daşımaların inkişafı, ağıllı logistika texnologiyaları, transsərhəd nəqliyyat həlləri, elektrik nəqliyyatı üçün enerji infrastrukturuna investisiyalar, Çin istehsalçılarının xarici bazarlara çıxışı, beynəlxalq təchizat zəncirlərinin inkişafı və dəhliz boyunca yük axınlarının artırılması mövzularında təqdimatlar keçirilib.
Tədbir Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca sənaye və investisiya əməkdaşlığının genişləndirilməsi, Azərbaycanın investisiya potensialının Çin işgüzar dairələrinə tanıdılması və yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir.
