2027-ci ildə aqrar vergi güzəştləri necə dəyişə bilər?


Azərbaycanda 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlir və mənfəətin 90%-nin beş il müddətinə vergidən azad olunması təklif edilir. Mikrosahibkarlar üçün tam azadolmanın saxlanılması, güzəştlərin isə istehsalçının öz məhsulunu ilkin emal etdikdən sonra satışına da şamil edilməsi nəzərdə tutulur.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, dəyişikliklər 2027-ci ilin büdcə-vergi siyasəti çərçivəsində Vergi Məcəlləsinə təklif olunub.
Aqrar şirkətlər üçün faktiki vergi yükü 2% ola bilər
Aqrar istehsalla məşğul olan hüquqi şəxslər üçün mövcud tam azadolmanın müddəti 2026-cı ilin sonunda başa çatır. Təklif qəbul edilərsə, 2027-ci ildən güzəştə düşən mənfəətin 90%-i vergidən azad olunacaq, qalan 10%-nə isə 20%-lik mənfəət vergisi tətbiq ediləcək. Beləliklə, həmin mənfəət üzrə faktiki vergi yükü 2% təşkil edəcək. Məsələn, aqrar istehsaldan 300 min manat mənfəət əldə edən şirkət bu güzəşt tətbiq olunduqda 6 min manat vergi ödəyəcək.
Mikrosahibkarlar üçün 100%-lik güzəştin saxlanılması nəzərdə tutulur. Dövlət Vergi Xidmətinin açıqlamasında illik gəliri 200 min manatadək və işçilərinin sayı 10 nəfərədək olan sahibkarlar bu kateqoriyaya aid edilir. Təklif olunan güzəşt broyler, istixana və ferma kompleksləri kimi sənaye üsulu ilə istehsal edən təsərrüfatları da əhatə edir. Aqrar subsidiyaların gəlir və mənfəət vergisindən tam azadolmasının isə 2031-ci ilin sonunadək uzadılması təklif olunur.
İlkin emal və heyvandarlıq üzrə hansı güzəştlər təklif olunur?
Öz istehsal etdiyi məhsulu çeşidləyən, qablaşdıran, soyudan, donduran, kəsən və ya saxlanmaq üçün qurudan istehsalçıların həmin məhsulun satışından əldə etdiyi gəlirə 90%-lik güzəştin tətbiqi nəzərdə tutulur. Başqa istehsalçıdan alınan məhsulun emalından əldə edilən gəlir bu güzəştin əhatə dairəsindən kənarda qalır.
Öz yetişdirdiyi heyvanı və ya quşu kəsib ətini satan istehsalçılar da güzəştdən yararlana biləcəklər. Həmin satışdan əldə olunan gəlirin 90%-nin vergidən azad edilməsi təklif olunur. Mikrosahibkarların öz məhsullarının ilkin emalından əldə etdikləri gəlir üzrə tam azadolma isə elektron qeydiyyat və bəyanetmə şərtlərinə bağlanır.
Daha bir təklif kökəltmə məqsədilə heyvan idxalına aiddir. “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) qeydiyyatda olan şəxslərin bu məqsədlə idxal etdiyi heyvanların 2027-ci il yanvarın 1-dən üç il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Fermerdən hansı halda 2% vergi tutulacaq?
Vergi uçotunda olmayan fiziki şəxs öz yetişdirdiyi məhsulu vergi ödəyicisinə satdıqda, təklifə əsasən, verginin tutulması satıcının EKTİS-də qeydiyyatından asılı olacaq. Satıcı sistemdə qeydiyyatlıdırsa, alıcı ödənişdən vergi tutmayacaq. Qeydiyyat yoxdursa, alıcı ödənişin 2%-ni vergi kimi tutacaq. Məsələn, 5 min manatlıq məhsul satışında bu məbləğ 100 manat olacaq.
Bu qayda ailə kəndli təsərrüfatlarının üzvlərinə və həyətyanı sahəsində məhsul yetişdirən digər fiziki şəxslərə də aiddir. EKTİS-də qeydiyyatlı istehsalçıların bazarda birbaşa fiziki şəxslərə satışından əldə etdiyi gəlirin də vergidən azad edilməsi təklif olunur.
Güzəştdən yararlanmaq üçün qeydiyyat və bəyannamə
Gəlir, mənfəət və ya sadələşdirilmiş vergi üzrə güzəştdən istifadə etmək istəyən istehsalçılar EKTİS-də qeydiyyatdan keçməlidirlər. Vergi orqanında əvvəldən uçotda olan istehsalçılar bəyannamələrini İnternet Vergi İdarəsi vasitəsilə təqdim etməlidirlər. Ailə kəndli təsərrüfatı kimi qeydiyyatda olanlardan VÖEN almaq və bəyannamə vermək tələb olunmur.
Dövlət Vergi Xidmətinin məlumatına görə, EKTİS-də 370 mindən çox aktiv istifadəçi var. Sistemdə qeydiyyatda olan fermerlərdən təkrar qeydiyyat tələb edilməyəcək. Yeni istifadəçilər “mygov id” vasitəsilə internetdən və ya mobil tətbiqdən qeydiyyatdan keçə bilərlər. Dövlət informasiya sistemlərindəki məlumatlar EKTİS-ə avtomatik ötürülür. Ehtiyac olduqda rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzləri qeydiyyata dəstək göstərir.
Mövcud güzəştlər hansı tarixədək uzadıla bilər?
– 2029-cu ilin sonunadək istehsalçıların öz kənd təsərrüfatı məhsullarının satışı üzrə ƏDV azadolmasının və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı əmlak vergisi güzəştinin uzadılması təklif edilir. Heyvan və quş əti, yem məhsulları və yem əlavələrinin satışı, kəpəyin istehsalı və satışı, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı üzrə güzəştlərin də həmin tarixədək davam etməsi nəzərdə tutulur.
– 2031-ci ilin sonunadək kənd təsərrüfatı məhsullarının ticarətində ƏDV-nin ticarət əlavəsindən hesablanması qaydasının, aqrar subsidiyaların gəlir və mənfəət vergisindən azad edilməsinin və şərtlərə uyğun istehsalçılar üçün sadələşdirilmiş vergidən tam azadolmanın saxlanılması təklif olunur.