Britaniyada inflyasiya son bir ilin rekord həddinə çatdı


Böyük Britaniyada oktyabr ayında illik inflyasiya 3,6 faizə yüksələrək son bir ilin maksimum həddinə çatıb.
32gun.az bildirir ki, Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, sentyabrda 3,5 faiz olan göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb və iyun ayındakı 2,6 faizlik minimum həddən sonra artıq dördüncü aydır ki, ardıcıl olaraq artır.
Qiymət artımına əsas təsiri yanacaq və enerji xərcləri göstərib. Oktyabrın əvvəlindən etibarən enerji tənzimləyicisi "Ofgem"in enerji daşıyıcıları üzrə rüblük qiymət limitini 4 faiz artırması orta illik qaz və elektrik enerjisi xərclərini təxminən 60 funt-sterlinq artıraraq 1 723 funt-sterlinqə çatdırıb. Analitiklər bu sıçrayışı Yaxın Şərqdə İranla bağlı münaqişə səbəbindən tədarükdə yaranan fasilələrin dünya bazarlarında neft və qaz qiymətlərini yüksəltməsi ilə əlaqələndirirlər. ONS-in baş iqtisadçısı Qrant Fitsner də inflyasiyadakı artımda yanacaq qiymətlərinin yenidən əsas amil olduğunu vurğulayıb.
Noyabrın əvvəlində uçot dərəcəsini 3,75 faizdən 4 faizə qaldıran İngiltərə Bankı isə gələn il inflyasiyanın 5 faizə yaxınlaşa biləcəyi barədə xəbərdarlıq edib. Maliyyə bazarları gələn ilin sonuna qədər uçot dərəcəsinin daha azı iki dəfə artırılacağını gözləyir.
Ayaz
Dərc vaxtına görə
