Türkiyə ordusunun arsenalına yeni silah sistemləri qəbul edilib


Türkiyə Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığının zirehli tank əleyhinə silah sistemi və daşınan radioelektron maneə sistemi üzrə qəbul prosedurlarını tamamladığını açıqlayıb.
Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi həftəlik mətbuat brifinqində Türkiyə Silahlı Qüvvələrinin arsenalına yeni silah sistemlərinin daxil edilməsi və yerli müdafiə sənayesi layihələri ilə bağlı son məlumatları paylaşıb.
Nazirlik bildirib ki, ötən həftə Quru Qoşunları Komandanlığı müxtəlif sayda Zirehli Tank Əleyhinə Vasitə-UMTAS CİRİT (ZTA-UC) Silah Sistemi və bel tipli radioelektron maneə sisteminin yoxlama və qəbul fəaliyyətlərini tamamlayıb.
Bundan başqa, Maşın və Kimya Sənayesi (MKE) tərəfindən hazırlanan ALPAY-D sisteminin səhra sınaqlarının uğurla həyata keçirildiyi açıqlanıb.
Nazirliyin açıqlamasına görə, Quru Qoşunları Komandanlığı UMTAS və CİRİT döyüş sursatları ilə istifadə üçün hazırlanan ZTA-UC Silah Sisteminin yoxlama və qəbul fəaliyyətlərini başa çatdırıb.
Sistemin Quru Qoşunlarının tank əleyhinə və atəş dəstəyi imkanlarına töhfə verməsi hədəflənir. Nazirlik qəbul edilən ZTA-UC sistemlərinin sayı ilə bağlı ətraflı məlumat açıqlamayıb.
Quru Qoşunları Komandanlığının yoxlama və qəbul fəaliyyətlərini tamamladığı digər müdafiə sənayesi məhsulu bel tipli radioelektron maneə sistemi olub.
Hərbçilər tərəfindən daşına bilən bu sistemlər bölmələrin elektron təhdidlərdən qorunması və döyüş meydanında radioelektron mübarizə imkanlarının artırılması məqsədilə istifadə olunur.
Türkiyə Müdafiə Nazirliyi qəbul edilən sistemlərin sayı və texniki xüsusiyyətləri barədə məlumat verməyib.
Türkiyə Müdafiə Nazirliyi həftəlik mətbuat brifinqində MKE tərəfindən hazırlanan ALPAY-D sisteminin sınaq fəaliyyətlərinə də toxunub.
Mina döşənmiş ərazilərdə keçid açmaq üçün quruda istifadə edilən ALPAY sisteminin ilk hava versiyası olan ALPAY-D-nin səhra sınaqlarının uğurla başa çatdırıldığı bildirilib.
PUA ilə istifadə üçün hazırlanan ALPAY-D mina döşənmiş ərazilərdə piyada bölmələrinin təhlükəsiz keçidini təmin etməyi hədəfləyir. Sistemin hərbçilərin mina sahələrinə birbaşa daxil olmasına ehtiyac qalmadan keçid açılması fəaliyyətlərinə töhfə verməsi nəzərdə tutulur.
Nazirlik ALPAY-D-nin səhra sınaqlarının tamamlandığını açıqlasa da, seriyalı istehsal, təhvil və inventara daxil edilmə qrafiki barədə məlumat paylaşmayıb.
Sevinc Əliyeva Ordu.az