Britaniyada inflyasiya son bir ilin ən yüksək həddinə çatıb


Böyük Britaniyada illik inflyasiya oktyabr ayında 3,6 faizə yüksələrək son 12 ayın rekord göstəricisinə çatıb.
Tiraj.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlarda bildirilib.
Məlumata görə, sentyabr ayında 3,5 faiz olan inflyasiya oktyabrda 3,6 faizə yüksəlib. Beləliklə, iyun ayında qeydə alınan 2,6 faizlik minimum göstəricidən sonra qiymət artımı ardıcıl dördüncü aydır sürətlənir. Yeni göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb.
İnflyasiyanın yüksəlməsinə əsas təsiri yanacaq və enerji xərclərinin artması göstərib. Oktyabrın əvvəlindən etibarən enerji tənzimləyicisi Ofgem qaz və elektrik enerjisi üzrə rüblük qiymət limitini 4 faiz artırıb. Nəticədə ev təsərrüfatlarının qaz və elektrik enerjisi üçün illik orta xərcləri təxminən 60 funt sterlinq artaraq 1723 funta çatıb.
Analitiklər enerji qiymətlərindəki bahalaşmanı Yaxın Şərqdəki münaqişə fonunda tədarük zəncirində yaranan problemlərlə əlaqələndirirlər. Xüsusilə İran ətrafındakı gərginliyin dünya bazarında neft və qaz qiymətlərinə təsir etdiyi bildirilir.
ONS-un baş iqtisadçısı Qrant Fisner qeyd edib ki, oktyabrda inflyasiyanın artmasında yanacaq qiymətləri əsas rol oynayıb.
Qeyd edək ki, İngiltərə Bankı noyabrın əvvəlində uçot faiz dərəcəsini 3,75 faizdən 4 faizə qaldırıb. Bank gələn il inflyasiyanın 5 faizə yaxınlaşa biləcəyi barədə xəbərdarlıq edib. Maliyyə bazarlarının gözləntilərinə görə, gələn ilin sonunadək faiz dərəcəsinin ən azı iki dəfə də artırılması mümkündür.
Arif
Dərc vaxtına görə
