ABB-nin rəhbər şəxsləri bankın 700 min manatlıq səhmini alıb


“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin 13 səhmdarı 2026-cı ilin oktyabr ayında bankın 2 milyon 614 min 42 ədəd səhmini alıb.
Plat.az-ın əldə etdiyi məlumata görə, əməliyyatların ümumi dəyəri 705 min 791,34 manat təşkil edib.
Səhmlərin hər birinin nominal dəyəri 0,27 manat olub. Əməliyyatlar oktyabrın 1-31-də Bakı Fond Birjasında həyata keçirilib.
Səhmləri alanlar arasında ABB-nin İdarə Heyəti sədrinin müavini Vasif Əhmədov, bankın daxili audit bölməsinin rəhbəri Elgün Qurbanov və ABB-də ofis rəhbəri vəzifəsində çalışan, eyni zamanda “ABB-İnvest”in Müşahidə Şurasının üzvü olan Ülvi Qasımov da var.
Bundan başqa, siyahıda Bakı Fond Birjasının Müşahidə Şurasının üzvü Fuad İslamovun da adı yer alıb.
Açıqlanan məlumatlara əsasən, ən böyük həcmdə səhm alışını Fuad İslamov (1 100 700 ədəd), Məzahir Dadaşov (508 702 ədəd) və Kamran Hüseynov (400 900 ədəd) həyata keçiriblər. Qeyd edək ki, ABB 1992-ci il yanvarın 10-da fəaliyyətə başlayıb. Bankın 2026-cı il oktyabrın 1-nə nizamnamə kapitalı 1 milyard 281,3 milyon manat təşkil edib. Səhmlərin 88,54%-i Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 3,64%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22%-i “Aqrarkredit” QSC-yə, qalan 7,6%-i isə digər fiziki və hüquqi şəxslərə məxsusdur.