Ukrayna və İran bəyannamədən niyə kənarda qaldı? Tramp, Putin və Si Cinpin “yeni nizam”ın hansı qaydalarını yazır?


Siyasət
19 Noyabr 2026, 16:10
150 baxış
Putin–Cinpin–Tramp görüşünün yekun bəyannaməsində Ukrayna və İranla bağlı məsələlərin yer almaması diqqət çəkir: danışıqlarda əsas vurğu BMT-də islahatlar və dövlətlərarası münasibətlər kimi qlobal məsələlərə edilib, həssas münaqişə mövzularının isə açıq gündəlikdən kənarda saxlanıldığı ehtimal olunur.
Görüşün Pekində keçirilməsi fonunda prosesdə Çinin rolu və mümkün güzəşt ssenariləri barədə politoloq Zeynal Əmrəliyev Yenicag.az-a açıqlama verib:
“Görünür, liderlər ümumi münaqişə məsələlərinə toxunmayıb, yalnız qlobal gündəmdəki mövzuları məsələn, BMT-də islahatları və digər məsələləri müzakirə ediblər. Bu, əslində gözlənilən idi, çünki İranla bağlı məsələlər açıq gündəlikdə müzakirə olunacaq mövzular deyil. Burada hər tərəfin öz maraq dairəsi var və düşünmürəm ki, hansısa ölkə bu mövzunu birbaşa, açıq müstəvidə gündəmə gətirsin. Bu məsələlər bağlı qapılar arxasında müzakirə olunacaq. Rusiya–Ukrayna müharibəsi ilə bağlı da açıq müzakirə aparılmaz; bu da mətbuata açıqlanmadan, qapalı formatda danışılacaq mövzudur. Əsas məsələ indi yeni nizamın necə formalaşacağıdır görüşdən sonra hansı nəticələrin ortaya çıxacağı, hansı formatın tətbiq olunacağı, BMT-də hansı islahatların aparılacağı və ümumilikdə dövlətlərarası münasibətlərin hansı istiqamətdə dəyişəcəyi əsas sualdır. Görüşlə bağlı gözləntilər yüksək idi; xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda danışıqlardan sonra müəyyən istiqamətlərdə postmünaqişə mərhələsinin başlana biləcəyi ehtimal olunurdu. Çin və ABŞ liderləri Rusiyaya təsir göstərə bilsələr, Moskva Ukrayna məsələsində müəyyən güzəştlərə gedə bilər. Eyni zamanda İran mövzusunda Rusiya və Çin birgə hərəkət edərək ABŞ-nin güzəştə getməsinə çalışacaq. Ümumilikdə isə bu görüşün əsas ağırlıq mərkəzi məhz Çindir danışıqların Pekində keçirilməsi də təsadüfi deyil. Burada həlledici amil Çinin mövqeyidir, çünki prosesdə ortaq mövqeləri formalaşdıraraq aparıcı rol oynayan məhz Pekindir.”
Nurlan Cəfəri
