Böyük Britaniya və Ukrayna yeni sazişlər imzaladı


Böyük Britaniya və Ukrayna arasında müdafiə sahəsində yeni sazişlər imzalanıb.
Ölkə.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin qurum rəhbəri Ues Stritinqin Kiyevə səfərinin yekunlarına dair yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, əldə edilən razılaşmalar dron istehsalının həcminin artırılmasına və tədarük zəncirlərinin gücləndirilməsinə yönəlib.
Səfər çərçivəsində Ues Stritinq Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Yevgeni Xmara ilə görüşüb. Tərəflər Rusiyanın mülki əhaliyə və kritik infrastruktura qarşı artan hücumları fonunda Kiyevə göstəriləcək gələcək hərbi və sənaye dəstəyini müzakirə ediblər.
Volodimir Zelenski davamlı dəstəyə və elan olunmuş 500 milyon funt sterlinq məbləğində qış hərbi yardım paketinə görə Londona təşəkkürünü bildirib. Böyük Britaniya tərəfi isə ehtiyac duyulduğu müddətcə hər il Ukraynaya 3 milyard funt sterlinq məbləğində hərbi yardım göstərmək öhdəliyini bir daha təsdiqləyib.
Ues Stritinq Böyük Britaniyanın Kiyevi dəstəkləməyə davam edəcəyini vurğulayıb:
"Ukraynanın cəbhə xətti azadlıq və demokratiya uğrunda bizim də cəbhə xəttimizdir. Rusiya hakimiyyəti təkcə körpüləri dağıtmağa çalışmır, onlar Ukrayna xalqının ruhunu sındırmağa cəhd edirlər. Biz Ukraynanı dəstəkləməkdə həmrəyik və sizi məyus etməyəcəyik".
Qeyd edək ki, britaniyalı nazirin Kiyev səfəri onun Polşada "istəklilər koalisiyası"nın – Böyük Britaniya və Fransanın rəhbərliyi altında Ukrayna üçün yaradılan çoxmillətli qüvvələrin ilk irimiqyaslı təlimlərində iştirakından dərhal sonra baş tutub. Həmin manevrlər hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna ordusunun bərpasına dəstək məqsədilə cəlb oluna biləcək qüvvələrin yerdəyişməsi, müdafiəsi və təminatı üzrə fəaliyyətlərin məşq edilməsinə hesablanıb.