“Bloomberg”: Rusiya NATO-ya məhdudiyyətlər müqabilində iki “güzəşt” vəd edib


Moskva NATO-nun genişlənməsinə və alyans qüvvələrinin yerləşdirilməsinə məhdudiyyətlər qoyulması müqabilində Belarus və Kalininqraddakı hərbi mövcudluğunu azaltmağı təklif edir.
Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
ABŞ Ukraynada Rusiya ilə müharibəyə son qoyulması üçün Avropanı müdafiəsiz vəziyyətə sala biləcək hərtərəfli saziş imzalamağa çalışır.
Vaşinqton hesab edir ki, Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi və Rusiya ilə Avropanın təhlükəsizlik arxitekturası barədə razılığın əldə olunması uzun müddətdir dalana dirənmiş ərazi məsələləri də daxil olmaqla, digər problemlərin həllinə kömək edə bilər.
Lakin nəşrin yazdığına görə, bu ideya Avropada, xüsusilə alyansın şərq cinahında yerləşən ölkələrdə təhlükəli hesab olunur. Çünki belə bir razılaşma NATO qüvvələrinin həmin ərazilərdən çıxarılmasını nəzərdə tuta bilər.
“Şərq cinahı, əlbəttə ki, alver predmeti deyil və təsir dairələrindən söhbət gedə bilməz”, - deyə Litvanın xarici işlər naziri Kyaştutis Budris bildirib.
Nəşr qeyd edir ki, ABŞ-də aralıq seçkilərin nəticələrindən sonra Trampın komandası demokratlar yanvar ayında hakimiyyətə qayıtmazdan əvvəl danışıqlarda nəticə əldə etməyə tələsir. Çünki bundan sonra demokratlar Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq edilməsini və ya Ukraynaya dəstəyin artırılmasını tələb edə bilərlər.
Buna baxmayaraq, nəşrin yazdığına görə, Putin vaxtı uzatmağa davam edir. Qeyd olunur ki, Kreml 2027-ci ildə Avropada keçiriləcək seçkilərə ümid edə bilər. Həmin seçkilərin Ukraynaya dəstəyin zəiflədilməsini istəyən ultra-sağçı partiyaların təsirini artıracağı gözlənilir.
Moskva nəzəri baxımdan razılaşmada maraqlı ola bilsə də, praktikada 2021-ci ilin dekabrında irəli sürdüyü maksimalist tələblərdən geri çəkilməyib. Rusiya NATO-dan 1997-ci ildən sonra alyansa qoşulmuş heç bir ölkədə qoşun yerləşdirməməyi tələb edir. Bunun müqabilində isə Kalininqrad və Belarusdakı hərbi mövcudluğunu azaltmağı təklif edir.
Bununla belə, Avropa İttifaqında belə bir kompromisin mümkün olmadığını açıq şəkildə bildirirlər. Nəşrin məlumatına görə, bu təklif Avropa İttifaqının 27 üzv ölkəsinin və onların müttəfiqlərinin müqaviməti ilə üzləşə bilər. Xüsusilə Rusiya ilə həmsərhəd olan Baltikyanı ölkələr bu razılaşmaya qarşı çıxırlar.
“Rusiya üçün heç bir məsələdə veto hüququ olmamalıdır. Bu, bizim üçün vacibdir. Ukraynanın Avropa İttifaqına üzvlüyünə veto qoyulmamalıdır, NATO-nun mövcudluğuna veto qoyulmamalıdır və kollektiv müdafiəmizi qurarkən NATO çərçivəsində gördüyümüz heç bir işə veto qoyulmamalıdır”, - deyə nəşr Litvanın xarici işlər naziri Kyaştutis Budrisin sözlərini sitat gətirib.
Qeyd edək ki, bundan əvvəl Kreml Avropanın sülh danışıqlarında iştirakına faktiki olaraq güzəştə getməyə hazır olduğunu bildirib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın Avropanın danışıqlarda iştirakına razılıq vermədiyini, növbəti görüşün tarixinin və formatın genişləndirilməsinin hələ razılaşdırılmadığını deyib.
Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sülh danışıqlarında Ukraynada rusdilli əhalinin hüquqlarının guya məhdudlaşdırılması məsələsinin müzakirə predmeti ola bilməyəcəyini bildirib. O, Moskvanın Ukraynada xarici qoşunların yerləşdirilməsinə razı olmayacağını da bir daha vurğulayıb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə